Topustan (2-ci hissə)

Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı.

İştirakçılar
UEFA Elxan – 40-45 yaşlarında kişi
Çempionat Ramin – 50-55 yaşlarında kişi
Fağır Nikolay – 50-55 yaşlarında kişi
Mətbuat Firuz – 40-45 yaşlarında kişi
Jurnalist Yazarov – 30-35 yaşlarında kişi
Kadr Kamran – 45-50 yaşlarında kişi
Sinyor Roberto – 55-60 yaşlarında kişi
Çempion Qurban – 45-50 yaşlarında kişi
Katibə Firəngiz – 25-30 yaşlarında xanım
Mayor Qasımov – 55-60 yaşlarında kişi
Müəllim – Nə yaşı bilinir, nə özü görünür
Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar

(1-ci hissəni oxumaq üçün link: http://komanda.az/topustan-1-ci-hiss%c9%99/)

Avtobus dayanacaqda dayanan kimi arxa qapıdan çiynindən çanta sallanan, orta boylu, saçlarının getdikcə seyrəlməyə başladığı hiss olunan, dolu bədənli bir kişi yerə düşdü. Tələsik addımlarla avtobusun arxa tərəfinə keçdi, əlini gözünün üstünə qoyub, yolu keçmək üçün münasib vaxt olub-olmadığını yoxladı. Bir neçə avtomobilin sürətlə qarşısından şütüyüb keçməsindən sonra qaça-qaça yolu keçdi. Amma hələ qarşıda keçilməsi gərəkən bir yol da var idi. Yenə əlini gözünün üstünə qoyub, bu dəfə əks tərəfə baxdı, maşınların xeyli uzaqda olduğuna əmin olunca addımlarını sürətləndirib, özünü yolun o biri tərəfinə atdı. Hava çox isti idi, Jurnalist Yazarovun alnında, başının tüksüz hissələrində tər damcıları parıldayırdı. Özünü AFFA-nın qapısından içəri salan kimi sərinlik bütün bədəninə yayıldı, bir neçə saniyə dayanıb, nəfəsini dərdi. Sonra diqqətlə onu nəzərdən keçirən qapıçı oğlana yaxınlaşdı:

  • Baş katibin yanına qalxmalıyam, özü çağırıb.

Qapıçı oğlan onu diqqətlə nəzərdən keçirməkdən əl çəkib, heç nə demədən, əlini telefona uzatdı.

Jurnalist Yazarov mətbuatın üzü üzlər görmüş jurnalistlərindən idi. O, əvvəlcə siyasi qəzetlərdən birində işləməyə başlamışdı. İdmandan xəbərlər, yazılar yazır, aldığı qonorarla özünü birtəhər dolandırırdı. Sonra elə oldu ki, qəzet hansısa məmura ilişdi, nəticədə iş məhkəməlik oldu. Aradan heç bir ay keçməmiş qəzet bağlandı. Elə ondan sonra Jurnalist Yazarov siyasi mətbuatda işləməyin ona heç nə qazandırmayacağını anlayıb, idman mətbuatına üz tutdu. Əvvəlcə idman saytlarından birində işlədi. Sonra çox keçmədi ki, özü sayt yaratmaq qərarına gəldi. Bir neçə futbol klubundan aldığı reklam pulu ilə pis dolanmırdı. Amma Mətbuat Firuzla dostlaşandan, bir neçə tədbirdə UEFA Elxanla şirin-şirin söhbət edəndən sonra vəziyyəti lap yaxşılaşdı. İndi o, milli komandanın bütün səfər oyunlarına gedir, aldığı ezamiyyət pulunu cibinə qoyur, üstəlik, UEFA Elxanın “məsləhət”i ilə bir şirkətdən reklam pulu da alırdı. Dünən gecə yarısı Mətbuat Firuz ona zəng edib “sabah zəhmət olmasa, federasiyaya gəl” deyəndə, məsələnin nə yerdə olduğunu anlamışdı. Milli komandanın növbəti dəfə məğlub olmasından sonra onun “dostlar”ına kömək lazım idi. Bu köməyin nədən ibarət olduğunu o çox yaxşı bilirdi.

Qapıçı oğlanın “gedə bilərsiz” deməsindən sonra əvvəlcə liftə yaxınlaşdı, sonra nə düşündüsə, pilləkənlərə tərəf üz tutdu. Baş katibin qapısının ağzına çatanda qapını döyüb, içəri girmək istədi. Amma Katibə Firəngizin səsi onu dayandırdı:

  • Hara gedirsiz? Müəllim məşğuldur.

O qədər fikirli idi ki, bu boyda katibə qızı görməmişdi. Üzündəki üzrxahlıq ifadəsi qarışıq təbəssümlə katibəyə baxdı:

  • Bağışlayın. Müəllim özü çağırıb, zəhmət olmasa deyin ki, Jurnalist Yazarov gəlib.

Katibə Firəngiz dodaqaltı nəsə mızıldandı, sonra masanın arxasından ayağa qalxdı, baş katibin qapısına yaxınlaşıb, qapını döydü. İçəridən əvvəlcə “gəlin”, sonra isə katibənin “mojna?” sualı eşidildi. Bir neçə saniyədən sonra artıq Jurnalist Yazarov UEFA Elxanın otağında idi. Yazarov baş katibə baxan kimi başa düşdü ki, gecəni yaxşı yatmayıb. UEFA Elxanın gözlərindən yorğunluq tökülürdü. İndi ayağa qalxıb onunla görüşəndə üzünə təbəssüm versə də, əslində, gülümsəyəcək halda olmadığını anlamaq üçün münəccim olmağa ehtiyac yox idi. UEFA Elxan Jurnalist Yazarovla görüşəndən sonra qarşısındakı boş stullardan birini göstərib “əyləşin” dedi. Özü isə əlini telefona uzadıb, çox güman ki, Katibə Firəngizə zəng etdi:

  • Zəhmət olmasa, Mətbuat Firuzu yanıma göndərin.

Araya qısa sükut çökdü. Jurnalist Yazarov UEFA Elxanın “necəsiz, necə gedir işləriniz” sualına cavab verməyə hazırlaşırdı ki, qapı döyüldü, Mətbuat Firuzun içəri uzanan başı göründü:

  • Olar?

UEFA Elxanın “gəl” deməsindən sonra Mətbuat Firuz içəri girdi. Jurnalist Yazarovla görüşəndən sonra o da boş stullardan birində əyləşdi.

UEFA Elxan Jurnalist Yazarovu diqqətlə gözdən keçirib, gülümsədi:

  • Nə yazır jurnalist dostlarınız? Eşitdim, dünən azarkeşlərin stadiondan polis bölməsinə aparılmasını da mənim adıma yazırlar. Mən heç kimdən birbaşa xahiş etməmişəm ki, azarkeşləri həbs etsinlər. Stadion futbola baxmaq üçündür, “istefa” qışqırmaq üçün yox. Bizim polisimiz belə məsələlərdə həssasdır.

Jurnalist Yazarov irişdi:

  • Polislər lap yaxşı edir, azarkeşsən, azarkeşliyini elə də.

Mətbuat Firuz da söhbətə qoşuldu:

  • Əşi, heç iki saat qalmayıblar içəridə, oyun başa çatanda hamısı buraxılıb.

UEFA Elxan istehza ilə:

  • Biz bunların tərifləməkdən yorulmadığı Çempion Qurbana şans verdik də. Gördük neynədi. Başqasına şans versəydik, hər şey daha yaxşı olardı.

Jurnalist Yazarov UEFA Elxanın nəyə işarə etdiyini bilirdi. Mətbuatın, azarkeşlərin uzun zaman davam edən israrı, tələbi nəticəsində bir il əvvəl Çempion Qurban milli komandanın baş məşqçisi təyin edilmiş, amma heç bir ili tamam olmamış istefaya göndərilmişdi. Onun dövründə milli komanda Millətlər Liqasında oynamış, amma nəticələri uğurlu olmamışdı. Jurnalist Yazarov özü şəxsən Çempion Qurbanı tənqid edənlərdən biri idi. Bu çoxbilmiş jurnalist dərhal anlamışdı ki, UEFA Elxan Çempion Qurbanla milli komandanın uğursuzluğunu arzulayır. Bunu anlayan kimi də yazılarında, sosial şəbəkədə Çempion Qurbana və ətrafına hücuma keçmişdi Jurnalist Yazarov. Heç bir il olmamış, hər şey onların istədiyi kimi olmuşdu, Çempion Qurban milli komandanın baş məşqçi postundan istefaya göndərilmişdi. Ondan sonra baş məşqçi postuna gətirilən Fağır Nikolay da nəticə qazana bilmirdi, komanda artıq neçə oyun idi ki, qələbəyə həsrət idi. Jurnalist Yazarovun indi əsas vəzifəsi UEFA Elxanı, Fağır Nikolayı müdafiə etmək olmalı idi.

Yenə UEFA Elxanın səsi eşidildi:

  • Siz oyuna baxdız da yəqin, gördüz ki, bir neçə oyunçu səviyyəsindən çox aşağı çıxış etdi. Baxmayaraq ki, biz bu oyunda qələbə və heç-heçə üçün böyük mükafat qoymuşduq, həmin futbolçular oynamadılar. Niyə oynamadılar, səbəb nə idi, biz bu barədə sizin yazılarınızda oxumaq istəyirik.

Jurnalist Yazarov yenə irişdi:

  • Narahat olmayın, başa düşdüm.

UEFA Elxan gülümsədi:

  • Bir də, bu “istefa” qışqıranların öyrədilmiş adamlar olduğunu öyrənmişik. Bu barədə də öz fikirlərinizi yaza bilsəz, yaxşı olar.

Jurnalist Yazarov yenə üzündə həmin irişmə ifadəsi ilə “başa düşdüm, bilirəm” deyərək, ayağa qalxdı:

  • Başqa sözünüz yoxdursa, mən gedə bilərəm?
    UEFA Elxan da ayağa qalxıb, onun əlini sıxdı:
  • Buyurun, gedə bilərsiz. Nəsə lazım olsa, Mətbuat Firuza deməyiniz bəs edər. Hər zaman dostlarımızın yanındayıq.

Jurnalist Yazarov çantasını çiyninə keçirib, qapıya tərəf addımladı.

(davamı olacaq)

Kürşad