Topustan (10-cu hissə)

  • Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı.

İştirakçılar

UEFA Elxan – 40-45 yaşlarında kişi

Çempionat Ramin – 50-55 yaşlarında kişi

Fağır Nikolay – 50-55 yaşlarında kişi

Mətbuat Firuz – 40-45 yaşlarında kişi

Jurnalist Yazarov – 30-35 yaşlarında kişi

Kadr Kamran – 45-50 yaşlarında kişi

Sinyor Roberto – 55-60 yaşlarında kişi

Çempion Qurban – 45-50 yaşlarında kişi

Katibə Firəngiz – 25-30 yaşlarında xanım

Mayor Qasımov – 55-60 yaşlarında kişi

Müəllim – Nə yaşı bilinir, nə özü görünür

Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar

(9-cu hissəni oxumaq üçün link: http://komanda.az/topustan-9-cu-hiss%c9%99/)

Mayor Qasımov qabağında dayanmış gənclərə və çiynindən “noutbuk” asılmış, qaşının üstü şişmiş 30-35 yaşlarında olan kişiyə qəzəblə baxdı. Əlini hirslə masaya vurdu:

  • Əəə, qudurmusuz siz? İctimai asayişi pozmağa görə hərənizə 30 sutka verəcəm, ağlınız başınıza gələcək.

Gənclərdən biri mızıldadı:

  • Rəis, biz neynəmişik e?
  • Əəə, canınıza azzar eləmisiz. İctimai yerdə özünüzü apara bilməmisiz, dava salmısız.

Həmin gənc yenə mızıldadı:

  • Rəis, biz…
  • Əəə, kəs səsini, küçük.

Sonra mayor Qasımov üzünü çiynindən “noutbuk” sallanan kişiyə çevirdi:

  • Sən kimsən, əəə?

“Noutbuk”lu kişi astadan, yazıq səslə dilləndi:

  • Rəis, mən jurnalistəm. Mənim heç bir günahım yoxdur. Oyun elə təzə qurtarmışdı ki, bunlar (əliylə gəncləri göstərdi) başladılar mənə söz atmağa, təhqir eləməyə. Mən də cavablarını verdim, sonra üstümə hücum çəkdilər.
  • Adın, familyan nədir sənin, əəə? – mayor Qasımov sərt səslə soruşdu.
  • Jurnalist Yazarov.

…O gün futbol üzrə Azərbaycan milli komandası növbəti dəfə uduzmuşdu. UEFA Elxan oyundan dərhal sonra AFFA-da toplantı keçirməyə qərar vermişdi. Toplantıya AFFA İcraiyyə Komitəsinin üzvlərindən Tuayev, Cavadov, Məşqçilər Komitəsinin üzvləri Sadıqov, Mircavadov və Diniyev çağırılmışdı. Artıq hamı UEFA Elxanın geniş otağına yığışmışdı, bircə milli komandanın baş məşqçisi Fağır Nikolay yox idi, bayaqdan hamısı onu gözləyirdi. Mətbuat Firuz əlində telefon tez-tez otaqdan çıxır, zəng edib, yenə geri qayıdırdı. Hər kəsin üzündə məyusluq hiss olunurdu. Bəziləri doğrudan da məyus idisə, bəziləri özünü məyusmuş kimi göstərirdi…

  • Nə oldu, cavab vermir? – UEFA Elxan əlində telefon, növbəti dəfə otağa girən Mətbuat Firuzdan soruşdu.

Mətbuat Firuz çaşqın və həyəcanlı görünürdü:

  • Mətbuat konfransı bitən kimi mən bura gəldim. Fağır Nikolay da elə mən çıxan vaxtı stadionu tərk elədi. Elə bildim siz çağırmısız, bura tələsir. Amma indi zəng edirəm, telefonu götürmür.
  • Yenə zəng elə! – UEFA Elxan əsəbi və səbirsiz şəkildə tapşırıq verdi.

Mətbuat Firuz Allah bilir neçənci dəfə telefonu qulağına yapışdırıb, otaqdan çıxdı.

UEFA Elxan üzünü otaqdakılara tutdu:

  • Yəqin ki, bundan sonra yolumuza Fağır Nikolayla davam etməyəcəyik. Milli komanda üçün bizə yeni baş məşqçi lazımdır. Hər kəs öz fikrini bildirsin, namizədlərimizi müəyyənləşdirək. Elə bir namizəd olmalıdır ki, sabah yenə uğursuzluq olanda mətbuatın və azarkeşlərin qarşısında dura bilsin.

Otağı əvvəlcə pıçıltı səsləri bürüdü, sonra Cavadovun səsi eşidildi:

  • Siz necə bilirsiz, elə olsun. Amma məncə, yenə xarici məşqçi ilə işləsək, yaxşı olar. Çünki…

Mircavadovun narazı səsi Cavadova fikrini başa çatdırmağa imkan vermədi:

  • Necə yənü xarici məşqçü? Özümüzdə bəyəm məşqçü yoxdur? Elə götürək Sadıqovu, Diniyevi. İkisinin də milli komandada təcrübəsü var. Elə mən özüm də milli komandada işləmüşəm, cikini-bikini bilürəm.

Bu vaxtlar yatmağa adət etmiş və bayaqdan əsnəyən Tuayev növbəti dəfə əsnəyib, yuxulu səsiylə müzakirələrə qoşuldu:

  • “Rebyata”, bizə elə bir məşqçi lazımdır ki, həm xarici olsun, həm də bizim futbolu, futbolçularımızı tanısın.

Tuayevin bayaqdan əsnəməsindən və əsnəyərkən əliylə ağzını örtməməsindən hirslənən UEFA Elxan onun yaşına hörmətən üzünə mülayim ifadə verib, soruşdu:

  • Siz kimi məsləhət görərdiz?

Tuayev daha bir dəfə əsnəyib, qətiyyətlə dilləndi:

  • Sinyor Roberto!

UEFA Elxan Tuayevin təklifinə cavab verməyə hazırlaşırdı ki, Mircavadov onu qabaqladı:

  • Sinyor Roberto kimdür, alə? Özümüzdə ondan bir vağondur e. Bəyəm bizdə mütəxəssüs yoxdur? Elə götürək Sadıqovu, Diniyevi… Mənim özümü.
  • Siz nə fikirləşirsiz? – UEFA Elxan üzünü Sadıqova çevirdi:

Bayaqdan sakitcə danışanları dinləyən Sadıqov, mehriban baxışlarla UEFA Elxana baxdı:

  • Siz kimi məsləhət bilsəz, mən ikiəlli dəstəkləyəcəm. İnanıram ki, Azərbaycan futbolunun inkişafı naminə ən doğru qərarı verəcəksiz. Bizim də vəzifəmiz sizin seçdiyiniz mütəxəssisə dəstək vermək, futbolumuzun inkişafı naminə onun yanında olmaqdır.
  • Bəs sizin fikriniz nədir? – UEFA Elxan bu dəfə gözlərini Diniyevə zillədi:

Diniyevin sifətində elə bir ifadə var idi ki, fələk də gəlsə, onun nə düşündüyünü, nə hiss etdiyini başa düşə bilməzdi:

  • Hörmətli Mircavadovun fikirlərinə qatılıram, bizim özümüzdə yaxşı mütəxəssislər çoxdur. Ancaq yenə də, məsləhət sizindir.

Qapı açıldı, Mətbuat Firuz yenə əlində telefon, həyəcanla içəri girdi. Tələsik UEFA Elxana yaxınlaşdı, ağzını onun qulağına söykəyib, pıçıldamağa başladı. UEFA Elxanın üzündəki təəccüb ifadəsindən başa düşmək olardı ki, Mətbuat Firuzun dediklərindən çaş-baş qalıb. Nəhayət, Mətbuat Firuz ağzını baş katibin qulağından çəkdi. Hamı maraqla gözlərini UEFA Elxana zilləyib, açıqlama verməsini gözləyirdi:

  • Əməkdaşlarımız Fağır Nikolayla əlaqə saxlaya biliblər. Toplantımıza qatılmayacağını bildirib.
  • Niyə? Qudurub? – Əsəbi və səbrsiz tonda verilən sualın yiyəsi Cavadov idi.
  • Deyib ki, artıq bizim milli komandada çalışmaq istəmir. Özü də hazırda hava limanındadır, Xorvatiyaya qayıdır – UEFA Elxanın bu açıqlaması otaqda yenə pıçhapıça səbəb oldu. Amma baş katib daha onlara əhəmiyyət vermirdi. Üzünü Mətbuat Firuza tutdu:
  • Mətbuatdakı dostlarına tapşır, milli komandanın uğursuz çıxışına görə onunla yolumuza davam etməmək qərarı verdiyimizi yazsınlar. Bizim telekanaldakı dostlarımıza da denən, uğursuzluğun yeganə səbəbkarı kimi Fağır Nikolayı göstərsinlər. Qoy desinlər ki, Fağır Nikolay üzərinə götürdüyü öhdəliyə əməl etməyib.

Mətbuat Firuz “baş üstə” deyib, otaqdan çıxdı. Amma heç iki dəqiqə keçməmişdi ki, yenidən otağa qayıtdı:

  • Mayor Qasımov zəng eləmişdi. Deyir ki, sizin adamlarınızdan Jurnalist Yazarov bölmədədir. Milli komandanı tərifləyib, bizi müdafiə elədiyi yazılarına görə oyundan sonra azarkeşlər onu döymək istəyiblər, dava düşüb, polislər hamısını yığıb aparıb bölməyə. O da bölmədə sizin adınızı verib. Mayor Qasımov soruşdu ki, Jurnalist Yazarovu sizə görə buraxaq, yoxsa 15 sutka verək, “yatsın”?

UEFA Elxan gülümsədi:

  • Mayor Qasımova denən ki, biz elə bir adam tanımırıq, nə istəyir, eləsin.

Mətbuat Firuz təəccübləndi:

  • Bəs axı…

UEFA Elxan üzünə ciddi ifadə verdi. Bu dəfə səsi daha qətiyyətli idi:

  • Artıq bizim üçün yeni dövr başlayır. Bizə yeni jurnalist yazarovlar lazımdır. Bunların çoxunun dərdi pul deyil? Aralarından ən yaxşılarını seç, bizimlə əməkdaşlığa cəlb elə. Bundan sonra Jurnalist Yazarovdan bizə xeyir gəlməz, artıq azarkeşlər də, başqa jurnalistlər də onun hansı yuvanın quşu olduğunu öyrənib. Çıxa bilərsən.

Mətbuat Firuz heç nə demədən, sakitcə otaqdan çıxdı. Az sonra dəhlizdə onun səsi eşidilirdi:

  • Bəli… Bəli, cənab mayor, danışdım. Biz elə jurnalist tanımırıq, nə istəyirsiz, eləyin.

(son)

Kürşad