Topustan (1-ci hissə)


“Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı”

İştirakçılar
UEFA Elxan – 40-45 yaşlarında kişi
Çempionat Ramin – 50-55 yaşlarında kişi
Fağır Nikolay – 50-55 yaşlarında kişi
Mətbuat Firuz – 40-45 yaşlarında kişi
Jurnalist Yazarov – 30-35 yaşlarında kişi
Kadr Kamran – 45-50 yaşlarında kişi
Sinyor Roberto – 55-60 yaşlarında kişi
Çempion Qurban – 45-50 yaşlarında kişi
Katibə Firəngiz – 25-30 yaşlarında xanım
Mayor Qasımov – 55-60 yaşlarında kişi
Müəllim – Nə yaşı bilinir, nə özü görünür
Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar

Günəş çoxdan batsa da, Bakının bürküsü adamın nəfəsini kəsirdi. Kiçik pəncərəsi olan (o da bağlı) otaqda isə vəziyyət lap pis idi. 30-a yaxın gənc oğlan bayaqdan bu cəhənnəmi yada salan otaqdan çıxacaqları anı gözləyirdilər. Onlardan bəziləri divara söykənmişdi, bəziləri isə ayaq üstdə dayanıb, söhbət edirdi. Çoxunun tərdən islanmış köynəyi bədəninə yapışmışdı. Qapı ağır-ağır açılanda hamısı başını çevirib, o istiqamətdə baxdı. Nazik bığı olan cavan polis serjantı başını içəri uzadıb, səsləndi:

  • Aranızdan üç nəfər seçin, mayor Qasımov gözləyir.

Serjant başını qapıdan çəkən kimi otaqda pıçhapıç başladı. Yəqin ki, mayorla görüşə kimlərin gedəcəyini müzakirə edirdilər. Nəhayət, aralarından üç nəfər qapıya yaxınlaşdı. Biri əlini dəmir üzlüyə yaxınlaşdırıb döyməyə hazırlaşırdı ki, qapı açıldı, həmin serjant idi. Üzündə azca hiss olunan narazı ifadə ilə “gedək” dedi.
Aradan iki dəqiqə keçməmiş artıq mayor Qasımovun otağında idilər. O qədər də geniş olmayan otağın baş tərəfində yerləşdirilən masanın arxasına zorla sığışan mayor Qasımova baxanda adamda elə fikir yaranırdı ki, onun özünü də kimsə güc-bəla ilə masanın arxasına yerləşdirib və kömək eləməsələr, ordan çıxa bilməz. Orta boyu üçün həddən artıq böyük qarnı var idi. Yaxşı ki, otaqda havalandırma sistemi işləyirdi, yoxsa bu istidə Qasımovun halı necə olardı, Allah bilir.
Mayor başı ilə serjanta “çıx” işarəsi edib, qarşısında dayanmış gənclərə baxdı:

  • Qudurmusuz siz?
    Gənclərin heç birindən səs çıxmadı. Qasımov üzündəki zəhrimar ifadəylə səsini bir az da ucaltdı:
  • Sizinləyəm e, qudurmusuz?
    Nəhayət, gənclərdən biri mızıldadı:
  • Rəis, biz neynəmişik e…
  • Əəə, canınıza azzar etmisiz. Kimə işləyirsiz siz, əəə? Stadiona getmisiz, başınızı aşağı salın, oyununuza baxın. Kim öyrədib ə sizi, istefa qışqırırsız stadionda?
    Bayaqkı gənc yenə mızıldadı:
  • Rəis, futboldur da…
  • Əəə, qələt eləmə, futboldur, otur futboluna bax! Sən kimsən istefa qışqırırsan? Bilirsən istefa qışqıranın başına nə oyun açırıq biz burda? Gedin dua eləyin ki, hərənizə 30 sutka vermirəm. Rədd olun, bir də stadionda istefa qışqırmayın. “Vopşe” sizi bir də stadionda görməyim. Çıxa bilərsiz.

O gecə Azərbaycan futbolunun tarixinə ölkənin milli komandasının daha bir məğlubiyyəti yazıldı. Stadionda AFFA rəhbərliyini, UEFA-nın İcraiyyə Komitəsinin üzvü olmaq üçün göstərdiyi hədsiz canfəşanlığa görə “UEFA Elxan” ləqəbi alan baş katibin istefasını tələb edən 30-a yaxın azarkeş polis bölməsinə aparılsa da, sosial şəbəkələrdə istefa tələbi səsləndirənlərin sayı-hesabı yox idi. Amma onların bəxti gətirmişdi, hələ ki, sosial şəbəkədə “istefa” tələbi irəli sürənlərin yolu polis bölməsinə düşmürdü.

Paytaxtı ağuşuna alan o bürkülü gecədə, Azərbaycanın futbol üzrə milli komandası növbəti dəfə məğlub olandan sonra UEFA Elxanın ovqatı təlx olmuşdu. Bir tərəfdən məğlubiyyət, digər tərəfdən də bir qrup azarkeşin stadionda istefa qışqırması qanını qaraltmışdı. Oyuna ezam olunmuş UEFA nümayəndələrini, hakimləri yola salandan sonra Bakının bahalı restoranlarından birində milli komandanın baş məşqçisi Fağır Nikolayla oturub, bir tikə çörək yemək istəmişdi. Amma yemək boğazından keçmirdi. Fağır Nikolayın isə sanki dünya-aləm vecinə deyildi, kababı dişinə çəkir, çox çeynəmədən udur, üstündən də tez-tez buz kimi nar şirəsi içirdi. UEFA Elxan saatına baxdı, gecə yarısı olmuşdu. Mətbuat Firuz indilərdə gəlib çıxmalı idi. Mətbuat Firuz federasiyada bir neçə vəzifə daşıyırdı, eyni zamanda futbol klublarından birində də vəzifəsi var idi. UEFA Elxan uzun illər birgə işlədiyi Pul Mikayılın başına o pis hadisə gələndən sonra Mətbuat Firuza bir neçə vəzifəni həvalə etmişdi. Pul Mikayıl isə əksinə, tutduğu bir neçə vəzifədən uzaqlaşdırılmışdı. Günah da özündə olmuşdu. Pul yemək istəyirsən, ye, amma elə ye ki, bundan heç kimin xəbəri olmasın. Pul Mikayıl məhz bu qızıl qaydanı pozduğu, adı mətbuatda hallandığı üçün sahib olduğu bütün vəzifələrdən uzaqlaşdırılmışdı.

Ofisiantın masaya yaxınlaşması UEFA Elxanı dərin düşüncələrdən ayırdı. Ofisiant nəyəsə ehtiyacı olub-olmadıqlarını soruşdu. Fağır Nikolay əl işarəsi ilə təşəkkür etdi. Elə bu vaxt restoranın şüşə qapısı açıldı, Mətbuat Firuz içəri girdi. Günün yorğunluğu və istinin təsiri üzündə açıq-aşkar görünürdü. Ətrafa boylandı, UEFA Elxanla Fağır Nikolayı görən kimi addımlarını sürətləndirib, onların oturduğu masaya yaxınlaşdı. “Axşamınız xeyir” deyib, keçib boş stullardan birində əyləşdi. Ofisiant masaya yeni adamın gəldiyini görən kimi yaxılaşdı. Ağzını açmamış, Mətbuat Firuz sifarişini verdi:

  • Zəhmət olmasa, mənə qazsız, soyuq su gətirin.
    Ofisiant uzaqlaşan kimi UEFA Elxan həyəcanla soruşdu:
  • Televiziya ilə danışdın? İstefa səsləri eşidilməyib reportaj vaxtı?
    Mətbuat Firuz əvvəlcə salfetka ilə ağzını silən Fağır Nikolaya baxdı, sonra baxışlarını UEFA Elxana çevirdi:
  • Yox, elə bir narahatlıq yoxdur. Tapşırdığımız kimi, stadiondan gələn səsləri alıblar, yəni problem yoxdur.
    UEFA Elxan Mətbuat Firuzun cavabından bir az sakitləşdi. Sonra yadına nə düşdüsə, çöhrəsinə sanki qara buludlar çökdü:
  • Bəs mətbuat, sosial şəbəkə? Eşitdim bizim istefamızı tələb edirlər, ən çox da mənim.
    Mətbuat Firuz duruxdu, elə bil sözləri seçirdi ki, ağzından çıxanda UEFA Elxanı incitməsin, onsuz da yerində olmayan kefini bir az da pozmasın:
  • Əşi, bir qrup adamdır, ağızlarına gələni yazırlar. Bizimkilərə demişəm, hamısının cavabını verəcəklər. Sabah özüm Jurnalist Yazarovla görüşəcəm, başa salacam. Bunların hamısının öyrədilmiş adamlar olduğunu yazacaqlar, siz narahat olmayın.
    Deyəsən, Mətbuat Firuzun cavabı UEFA Elxanı qane etdi, dərindən nəfəs aldı, hətta diqqətlə baxıldıqda üzünə işıq gəldiyini də görmək olardı:
  • Sən Yazarovla danış, sabah federasiyaya gəlsin. Özüm də onunla danışmaq istəyirəm.

(davamı olacaq)

Kürşad

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button