Tomas Doll: “Qarabağ”ın necə oynayacağını bilirik”

Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunöncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 53 yaşlı almaniyalı mütəxəssis, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”la iki həftə əvvəlki matçda komandam o qədər də yaxşı vəziyyətdə deyildi. Bəzi problemlərimiz oldu. Bu üzdən çempionatda da istədiyimiz kimi oynaya bilmədik. Amma ilk görüşdə xarakter göstərdik və iki qol vurduq, heç-heçəyə nail olduq.

Son oyunlardakı uğursuz nəticələrə baxmayaraq, məşqlərdə yaxşı komanda gördüm. “Qarabağ”la bu mövsüm baş tutan əvvəlki matçlarda 4 qol vurmuşuq. Qarşıdakı oyunda da fərqlənməyi hədəfləmişik. Üç xal qazanmaq istəyirik və bunu bacara bilərik. “Qarabağ”la ilk görüş kimi, ikinci oyun da finala bərabərdi. Qarşılaşmanın çox vacib olduğunu bilirik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox yaxşı köklənmişik. Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə, topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik”.

Doll, komandasının evdə oynamasının onlar üçün üstünlük olduğunu bildirib: “Bu dəfə başqa cür olacaq. Çünki biz doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Ağıllı oynayıb, “Qarabağ”a əks-hücum şansı verməmək lazımdı. Futbolçularımın bu cür oyunlar üçün təcrübəsi var. Oyunçular arasında yaxşı formada olmayan var. Amma mənim başqa variantlarım da olacaq”.