“The Best” mükafatının təqdim olunacağı tarix açıqlandı

FİFA ilin sonunda təşkil ediləcək ən yaxşı oyunçuların mükafatlandırma mərasiminin vaxtını açıqlayıb.

Komanda.az xəbər verir ki, tədbir dekabrın 17-də onlayn formada gerçəkləşəcək. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

“The Best” mükafatı üçün səsvermə noyabrın 25-də başlayacaq. Yığma komandaların baş məşqçiləri və kapitanları ilə yanaşı, azarkeşlərlə qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcəyi səsvermə dekabrın 9-dək davam edəcək.

Tədbirdə ən yaxşı kişi və qadın futbolçular, həmçinin baş məşqçilər müəyyənləşəcək. Bundan əlavə, ən yaxşı kişi və qadın qapıçıların da adına aydınlıq gələcək.

FİFA ilin “Feyr pley” mükafatına layiq görülən kollektivi və ən yaxşı qolun müəllifinə verilən “Ferents Puşkaş” mükafatının sahibini də müəyyənləşdirəcək. Qadın və kişilərdən ibarət ilin rəmzi komandaları, həmçinin ilin ən yaxşı azarkeşləri də açıqlanacaq.

Qeyd edək ki, FİFA hələlik nominasiyalar üzrə namizədlərin adlarını açıqlamayıb.