Taksi sürücüləri ilə 1 xal

Rəşad Ergün

Azərbaycan insanının ən böyük problemlərindən biri ləyaqət məsələsidir.

Misal, götürək elə bizim AFFA-nı. Son iki seçmə mərhələdə futbol üzrə milli komanda yer aldığı qruplarda cəmi-cümlətanı bir xal toplayıb. Bir xal bilirsiz nə deməkdir? Afrikanın cəngəlliklərindən top görməyən, futbolla başını qatmaq istəyəndə çerimoyya adlanan alma ilə oynayan adamlardan bir komanda qursan, onlar da 8-10 oyundan birində heç-heçə edib, bir xal qazana bilər. Bunun üçün onlara nə Canni De Byazi lazım olar, nə Rövnəq Abdullayev, nə Elxan Məmmədov, nə də Elşad Nəsirov.

İki seçmə mərhələnin hər birində bir xal qazansınlar deyə, Polşadan Mahir Emrelini, Anton Krivotsyuku, Ukraynadan Rüstəm Əhmədzadəni, Türkiyədən Namik Ələskərovu, Portuqaliyadan Renat Dadaşovu hər dəfə yola vurmaq, bu uşaqlara boş yerə əziyyət verməkdir. Çağırın Bakının küçələrində müştəri gözləməkdən canı sıxılan taksi sürücülərini, onlar boş vaxtlarında milli komandanın oyunlarında meydana çıxsınlar.

Hə, ilk cümlədə niyə Azərbaycan insanının ən böyük probleminin ləyaqət məsələsi olduğunu yazdım? Bu yaşa çatmışam, bu ölkədə hansısa vəzifə sahibinin, qurum, federasiya, nə bilim, şirkət rəhbərinin “uğursuzluğa görə istefa verirəm” deyərək, istefa verdiyini nə görmüşəm, nə eşitmişəm. AFFA isə ölkədə bəlkə, ən ciddiyyətsiz, ən məsuliyyətsiz, ən uğursuz insanların toplaşdığı qurumdur. Ardıcıl iki seçmə mərhələdə milli komanda gücünə-gücənə cəmi-cümlətanı bir xal qazana bilirsə və kimsə istefa vermirsə, deməli, bu adamlar həm də… ləyaqət hissindən məhrumdurlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button