Tarmenxan Babayev Avropa birinciliyində iki rekord yenilədi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Komanda.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.

Medallar uğrunda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar.

Bu gün onlardan daha biri – Tarmenxan Babayev körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

17 yaşlı atletimiz birdən qaldırma hərəkətində 150 kq-ı ram edərək 8-ci yeri tutub.

Tarmenxan təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 191 kq-ı başı üzərinə qaldıraraq 4-cü olub.

Toplam 341 kq (150+191) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.

Tarmenxan Babayev gənclər arasında yarışda iştirak etsə də, əldə etdiyi iki nəticə yeniyetmələr arasında Avropa rekordu olub. Atletimiz təkanla qaldırma hərəkətində 191 kq-la Avropa rekordunu (187 kq) 4 kq və toplamda 341 kq-la Avropa rekordunu (339 kq) iki kq yeniləyib.

İdmançımızla eyni çəkidə çıxış rusiyalı atlet həmkarı bu rekordları növbəti yanaşmada müvafiq olaraq 3 və 13 kq yeniləyib.