Taleyi sual altında olan Azərbaycan Premyer Liqası ilə bağlı təkliflər, istəklər SORĞU

Azərbaycanda yayılan koronavirus pandemiyası ölkə futboluna da öz təsirini göstərdi. Martın ortalarından Premyer Liqa oyunları təxirə salındı. Bir müddət əvvəl Peşəkar Futbol Liqası karantin rejiminin mayın 4-də bitəcəyi halda, mayın 23-də liqanın bərpa edilə biləcəyini açıqlamışdı. Lakin Nazirlər Kabinetinin dünən açıqladığı qərara görə, karantin rejimi mayın 31-dək uzadıldı. Bu da çempionatın startının daha bir müddət təxirə düşməsi deməkdir.

Bəs futbol ictimaiyyəti bu qərardan sonra çempionatın cari mövsümünün taleyi ilə bağlı nə düşünür? Mövsümün qalan hissəsi ilə bağlı hansı qərarın verilməsi daha yaxşı olar?

Bu suallarla futbol adamlarına müraciət etdik:

Aftandil Hacıyev (“Səbail” klubunun baş məşqçisi):

“Karantin rejiminin mayın 31-də bitməsindən sonra çempionatın bərpası üçün vaxt lazımdır. Oyunların davamlı keçirilməsinin mümkün olub-olmayacağına baxmaq vacibdir. Biz də AFFA ilə PFL-in qərarını gözləyirik. Həmin vaxta qədər məşq etməsək, çətin olacaq. O ki qaldı çempionatın vaxtından tez yekunlaşdırılmasına, hazırda vacib olan sağlamlıqdır, çempionat haqqında daha az düşünülür. Nazirlər Kabineti mövcud təhlükəni nəzərdə saxlayır, yoluxma hallarını izləyir, buna uyğun son qərarı verirlər. Çempionat vaxtından tez yekunlaşsa, buna normal yanaşacağıq”.

Jelko Sopiç (“Sabah” klubunun baş məşqçisi):

“Karantin müddəti uzadıldı, lakin düşünürəm ki, bu, əhəmiyyətli deyil. Çünki dövlətin qoyduğu karantin qaydaları azərbaycanlıların sağlamlığı və digər ölkələrin yaxşılığı üçündür. Martın 15-də hər şey dayandı və iyunun 1-də karantin bitəcək. Bu müddət 75 gün edir. Bu o demək deyil ki, biz bu müddət ərzində çimərlikdə olmuşuq. Yay istirahətimiz üçün 30-45 günümüz olur və bu istirahətdən sonra biz maksimum gücümüzdə oluruq. Bu istirahətdən sonra maksimum 6, minimum 4-5 həftə hazırlaşırıq və daha sonra mövsümə başlayırıq. Bizə növbəti mövsümdə oynamaq üçün minimum bir ay vaxt verilməlidir ki, yaxşı hazırlaşa bilək və futbolçular zədələnməsin. Bir aylıq vaxt olmasa, necə olacağını bilmirəm. Amma hazırda əsas məsələ futbolçuların sağlamlığıdır. Çempionatla bağlı əsas məsələ budur ki, karantindən sonra bizə hazırlaşmaq üçün minimum 3-4 həftə vaxt verilməlidir”.

Elman Himayətoğlu (“Zirə” klubunun meneceri):

“Komandalar iki aya yaxındır ki, məşq etmir. Çempionatın bərpası üçün əvvəlcə məşq etmək lazımdır. Bu isə karantin qaydalarından asılı məsələdir. Bildiyiniz kimi, PFL də çempionatın mayın 23-də bərpa olunacağını açıqlayanda, operativ qərərgahın növbəti addımlarına uyğun olaraq dəyişiklik ola biləcəyini qeyd etmişdi. Hələ ki, PFL növbəti addımı açıqlamayıb. Yeni qaydaların açıqlanmasından sonra növbəti addımın nə olacağı müzakirə olunur. Təbii ki, biz yarışın bərpasının tərəfdarıyıq. Lakin insan sağlamlığı daha vacibdir. Ona görə də, hər şey pandemiyaya qarşı mübarizədə görüləcək tədbirlərdən asılıdır və bununla razılaşmalıyıq. Bir daha təkrar edirəm ki, indi futbolçular üçün ən vacibi məşqlərin bərpasıdır. Çünki uzun fasilədən sonra oyuna çıxmaq üçün yaxşı hazırlıq keçilməlidir. Bu isə az vaxt tələb etmir”.

Kənan Həsənov (“Futbol+” qəzetinin redaktoru):

“Premyer Liqanın belə tez bərpa olunacağını zatən gözləmirdim. Bu üzdən, hələ də PFL-in məlum açıqlamasının kimə və nəyə əsaslandığını aydınlaşdırmaqda çətinlik çəkirəm. Karantin müddətinin uzadılması isə anlaşılan addımdır. Amma fikrimcə, yaxın bir həftəyə, on günə idmanla bağlı məhdudiyyətlər də aradan qaldırılacaq. Yəni PFL, futbolumuz hardasa daha 7-10 gün vaxt itirəcək. Bu isə ciddi problem sayıla bilməz. Bir sözlə, mövsümün qalan hissəsinin təşkilində problem görmürəm. Üç gündən bir oyun keçirməklə bu çətin durumdan çıxmaq mümkündür. Mən bədbinlik üçün ciddi əsas görmürəm və mövsümün başa çatdırılacağını düşünürəm”.

İlkin Vaqifoğlu (“Sportinfo.az” saytının baş redaktoru):

“Karantin dövrünün mayın 31-dək uzadılması çox düzgün qərardır. Ölkə rəhbərliyinə, rəhbərlikdə təmsil olunan hər kəsə saytımız və öz adımdan təşəkkür edirəm. İlk gündən xalqın qayğısına necə qalıblarsa, necə diqqət göstərilibsə, karantin rejiminin mayın 31-dək uzadılması da həmin diqqətin və qayğının təzahürüdür. Düşünürəm ki, hazırda insanların sağlamlığı məsələsi futbol və digər məsələlərdən çox-çox irəlidədir və ən vacibi budur. Sözün açığı, indiki məqamda futbol o qədər də yada düşmür. Sadəcə onu deyə bilərəm ki, çempionata iyunun əvvəlində və ya ortasında da başlamaq olar. Hətta təklif edərdim ki, klubların hamısı bir məkanda məşqə, oyuna çıxsın. “Dalğa Arena” kimi stadionlarda oyunları keçirmək olar. Məlumdur ki, çempionat bərpa olunsa belə, ümumiyyətlə, azarkeşlər stadiona buraxılmayacaq. Yenə də, oyunların belə bir yerdə keçirilməsini təklif edirəm. Bundan başqa, futbolçular oyundan əvvəl koronavirus testindən keçirilsin. Əslində, çempionatın taleyi artıq məlumdur. Çempionatın keçirilməsi ilə davam etdirilməməsi arasında o qədər də fərq yoxdur. Aydın məsələdir ki, çempion “Qarabağ”dır. Digər klublara gəlincə, təklif edərdim ki, avrokuboklara gedəcək komandalar hazırkı turnir cədvəlinə əsasən seçilsin və ölkə kubokunun yarımfinal mərhələsinin oyunları nəzərə alınmasın. Eyni zamanda, indiki məqamda Azərbaycanda karantin müddəti uzadılsa, mövsümün itirilmiş olduğunu düşünməyəcəm. Son illərdəki nəticələrə əsasən deyə bilərəm ki, bütün gözləntilər “Qarabağ” və az-çox “Neftçi” ilə bağlıdır. Yerdə qalan digər iki klubumuz son illər olduğu kimi, ilk mərhələdən mübarizəni dayandırıb, qayıdacaqlar. Hələ bilmirəm ki, “Neftçi” bu baş məşqçi ilə, heyətlə avrokuboklarda nə edəcək. Çempionatda rəqabət o qədər azalıb ki, digər klubların da avrokuboklarda bizi sevindirəcəyinə inanmıram. Ona görə də, hesab edirəm ki, mövsümün davam etdirilməsi ilə etdirilməməsi arasında elə böyük fərq yoxdur”.

Aygül Qarayeva