Taleh finalda, Eldəniz və Sənan üçün bürünc medal şansı

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, beşinci yarış günündə 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Eldəniz Əzizli qitə birinciliyinə inamlı qələbəylə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisini elə ilk hissədə məğlubiyyətə uğradıb. 1/4 finalda ən yüngül çəkidə son dünya çempionu Nuqzari Tsurtsumia ilə qarşılaşan həmyerlimiz rəqibinə heç bir şans tanımayaraq yarımfinala yüksəlib. Bu mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Eldəniz hakimlərin müəmmalı qərarları fonunda rəqibinə məğlub olub.

Taleh Məmmədov ilk görüşdə bolqar həmkarına qalib gəlib. 1/4 finalda erməni güləşçiylə prinsipial görüşə çıxan təcrübəli pəhləvanımız xarakter göstərərək son dəqiqədə aldığı 2 xalla adını yarımfinala yazdırıb. Latviya güləşçisinə də gücünü göstərən Taleh karyerasında ilk dəfə Avropa çempionatının finalına yüksəlib.

Sənan Süleymanov 1/8 finalda finlandiyalı rəqibini vaxtından əvvəl üstələyib. 1/4 finalda Türkiyə güləşçisiylə mübarizədə 5:1 öndə olsa da, təşəbbüsü əldən verərək məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və final qarşılaşmaları aprelin 24-də keçiriləcək.

Avropa çempionatı
23 aprel

55 kq
1/8 final: Eldəniz Əzizli – Nedyalko Petrov (Bolqarıstan) 12:4
1/4 final: Eldəniz Əzizli – Nuqzari Tsurtsumia (Gürcüstan) 10:1
1/2 final: Eldəniz Əzizli – Emin Seferşayev (Rusiya) 4:5
Bürünc medal görüşü: Eldəniz Əzizli – Fabian Şmitt (Almaniya) / Mattias Poutanen (Finlandiya)

63 kq
1/8 final: Taleh Məmmədov – Nikolay Viçev (Bolqarıstan) 9:6
1/4 final: Taleh Məmmədov – Qraçya Poqosyan (Ermənistan) *2:2
1/2 final: Taleh Məmmədov – Aleksandrs Jurkyans (Latviya) 7:1
Final: Taleh Məmmədov – Cambolat Lokyayev (Rusiya)

77 kq
1/8 final: Sənan Süleymanov – Harri Latvala (Finlandiya) 10:0
1/4 final: Sənan Süleymanov – Yunus Əmrə Başar (Türkiyə) 5:8
Təsəlliverici görüş: Sənan Süleymanov – Varujan Qriqoryan (Ermənistan)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button