Tale Heydərova məktub

Emin Tarverdiyev

Çoxdandır yazı yazmırdım. Hə, həm də idmandan. Başım şəxsi problemlərimə qarışdığından, heç indi də yazmayacaqdım. Amma Tale Heydərovun “Qəbələ”dən istefası barədə sosial şəbəkədə paylaşdığım status barədə mesaj qutuma dostluğumda olan birindən gələn mesaj vadar etdi ki, yazım. Mesajı yazana kimi onun şəhid balası olduğundan da xəbərsiz idim…

Yazdıqları Tale Heydərovu gözümdə dağlara qaldırdı və ümidvaram ki, bundan belə də o zirvədə qalacaq.

Dostumuz təhsilini köhnə “Qərb” universitetində alırmış. Təhsil haqqı üçün köhnə nazir, “Qərb” universitetinin qeyri-rəsmi sahibi, keçmiş nazir Hüseynqulu Bağırova məktub ünvanlayır ki, onu təhsil haqqının ən azı yarısından azad etsin. “Olmaz” cavabı alır. Məcbur qalan dostumuz “Gilan”ın rəhbəri olan Tale Heydərova məktub ünvanlayır. Qısa zamanda “Gilan” rəhbərliyi dostumuzu qəbul edir, Tale Heydərovun göstərişi ilə təhsil haqqının ödənilməsi üçün bütün zəruri addımların atılacağını vurğulayırlar və verdikləri sözün də üstündə dururlar.

Universiteti bitirəndə, dostumuza Tale Heydərovun “komanda”sından iş təklifi də gəlir və bu günə kimi də onlarla işləyir…

Gülməli gəlir, hə? Gələr də… Biz görmüşük nazir balası ayı kababı sifariş verər, ta görməmişik ki, nazir balası adını hallandırmayacaq dərəcədə millətinin övladlarının ziyalı, təhsilli və ən əsası, bu xalqın aydını olmaq üçün pul xərcləsin… Aydınlar bu xalqın gələcəyidir!