Tahir Süleymanov: “Bu tendensiya davam etsə, futbola ciddi zərbələr dəyəcək”

Rusiyanın Ukraynaya hücum etməsi dünyanın təkcə siyasi, iqtisadi simasına təsir etməyib. Ukraynada gedən döyüşlər idmana, xüsusən də, futbola da təsir edib.

Beynəlxalq futbol təşkilatları olan FİFA və UEFA Rusiyanın milli komandalarını, klublarını yarışlardan uzaqlaşdırıb. Rusiya millisi DÇ-2022-nin pley-off mərhələsindən kənarlaşdırılıb, əvəzində Polşa yığması avtomatik olaraq pley-offun finalına yüksəlib.

Rusiyanın “Spartak” (Moskva) klubunun UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə (Almaniya) oyunları ləğv edilib. Moskva klubuna texniki məğlubiyyət verilib, “Leyptsiq” birbaşa 1/4 finala vəsiqə qazanıb.

İngiltərə hökuməti isə mart ayının 10-da rusiyalı milyarder Roman Abramoviçə və onun sahibi olduğu “Çelsi” klubuna sanksiyalar tətbiq edib. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb, amma oyunlara bilet satmaq, transfer etmək və futbolçularla müqavilələri yeniləmək qadağan edilib. “Çelsi”nin bank hesabı da bloklanıb. 

Komanda.az xəbər verir ki, “Neftçi” futbol klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanov FİFA və UEFA-nın Rusiya ilə bağlı qərarlarında ikili standartlara üstünlük verildiyini düşünür:

“Nə qədər deyilsə də idman siyasətdən uzaqdır, təəssüflə qeyd olunmalıdır, siyasi amillər, dünyada baş verən qlobal proseslər mütləq şəkildə futbola, ümumilikdə idmana öz təsirini göstərib, göstərməkdədir. Hələ uzaq 1968-ci ildə Praqa hadisələri zamanı UEFA qərar qəbul etmişdi: avrokuboklarda sosialist düşərgəsi komandaları kapitalistlərlə qarşılaşa bilməz, ilkin mərhələlərdə öz aralarında oynamalıydılar. Bu qərara etiraz olaraq SSRİ, Bolqarıstan, Macarıstan və digər bir-iki ölkənin klubları beynəlxalq yarışlarda iştirak etməkdən imtina etmişdilər.

Futbol dünyada böyük təsir qüvvəsinə malikdir. Maliyyə baxımından FİFA, UEFA-nın əsas donorları Avropanın “böyük 5-lik” ölkələri və nəhəng şirkətlərdir. Müstəqil sayılsalar da, qeyd olunan dövlətlərin futbol qurumlarına təsir qüvvələri çox böyükdür. Təkcə futbolda deyil, vaxtilə Moskva-80 olimpiadasının qərb koalisiyası ölkələri tərəfindən boykot edilməsi, növbəti turnirlərdə əks addımların atılması tarixən qarşıdurma yaradıb. Günümüzdə Rusiya millisinə dopinq qalmaqalları səbəbi ilə Olimpiya oyunları zamanı öz bayraqları altında çıxış etmə, himnlərinin səsləndirilməsi qadağası qoyulur. Siyasi, iqtisadi, hərbi cərəyanlar futbola hər zaman təsirini göstərib. Çıxarılan qərarlarda əsasən ikili standartlara üstünlük verilir. Azərbaycan futbolu da siyasi yanaşmanın qurbanı olub, müxtəlif qeyri-obyektiv qadağalarla üzləşib. Vaxtilə millimiz müharibə bəhanəsi qərarı ilə oyunlarını Trabzonda keçirmək məcburiyyətində qalıb. Baxmayaraq ki, Bakıda əmin-amanlıq idi və hərbi təcavüzə məruz qalan ölkə kimi Azərbaycan öz torpaqlarının 20 faizini itirmişdi. Aqressor qarşı tərəf öz meydanında oynayırdı, zərərçəkmiş biz isə doğma divarlar arasında çıxış etməkdən məhrum edilmişdik. Klub səviyyəsində “Neftçi”nin Kiprdə APOEL-lə tarixi oyununda baş verənlər indi də xatirələrdədir. Eyniylə, avrokuboklarda “Qarabağ”la bağlı təxribatlar, emosional hisslərə görə Nurlan İbrahimova qarşı çıxarılan sərt qərar, Marseldəki son oyunda baş verənlər və UEFA-nın ermənilərə qarşı loyal, fərqli mövqeyi…

Rusiya-Ukrayna hadisələri kiçik münaqişə ocağı deyil, hər iki tərəfdən 400-500 minə yaxın hərbçinin döyüşlərə cəlb edildiyi müharibədir. Donetsk, Luqansk müdafiəsi adı altında hücum edən tərəf Rusiyadır. 14-15 gün futbol dili ilə desək, iki ardıcıl tur deməkdir. İki “oyun”a ərazisi Fransadan böyük olan Ukrayna viran qoyulub, şəhərlər dağılıb,  milyonlarla insan məcburiyyətdən ölkəsini tərk edib. Belə vəziyyətdə FİFA, UEFA-nın çıxardığı qərar mənəvi, psixoloji olaraq dəstəklənməlidir. İdman prinsiplərinə uyğun neytral meydan qərarı çıxarıla bilərdimi? Ola bilərdi.

Faciənin masştabı çox böyük olduğu üçün planet üçüncü dünya müharibəsi ilə üz-üzə qalıb. Qərbin Rusiyaya qarşı görünməmiş iqtisadi sanksiyaları, logistik qadağalar fonunda beynəlxalq futbol təşkilatları fərqli qərar çıxara bilməzdilər. Baş sponsorların geri çəkilməsi, təşkilatlardan imtina etməsi FİFA, UEFA-nın bir anda çökməsi deməkdir. Planeti idarə edənlər üçün sözə qulaq asmayanları cəzalandırmaq çox asandır. Problem verilən qərarın doğru və ya yanlışlığında deyil, siyasətin futbolun iliyinə kimi sirayət olunmasında, ondan da əcaibi, ikili standartların birtərəfli tətbiq edilməsindədir. Rusiya bu gün dünya futbolundan tam olaraq təcrid edilir, 25-30 il öncə isə yuxarıda qeyd etdiyim kimi, Azərbaycana təcavüz edənlərə, Xocalı faciəsini törədənlərə qarşı tədbir görülmədi. Baxmayaraq ki, FİFA və UEFA-nın əlində tutarlı əsası var idi, BMT qonşularımızın təcavüzkar ölkə olması ilə bağlı qətnamələr qəbul etmişdi. Nəticədə isə bir milyon qaçqın-köçkünü ilə Azərbaycan millisinin özü xaricdə oynamağa sürgün edildi. Belə ayrı-seçkilik onu göstərir ki, FİFA, UEFA tam müstəqil qurumlar deyil və vəziyyətə, dünyada hegemonluq edənlərin diqtəsinə uyğun bir-birini döyən qərarlar qəbul edirlər. Üstünlük idman prinsiplərinə yox, məqsədli, sifarişli siyasi motivlərə uyğun verilir. Belədə, hətta çıxarılan doğru qərarlar belə, inamsızlıq yaradır, şübhələrə, müzakirələrə, müqayisələrə səbəb olur. İstənilən halda, son məqamda futbol bir oyundur və heç bir ali yarış, turnir müharibələrdə bir körpənin ölümünə, valideynlərin göz yaşlarına, evsiz-eşiksiz qalmış milyonlarla insanın fəryadına dəymir. Təki müharibə tez bitsin, futbol da əvvəlki ritminə qayıtsın”.

Süleymanov deyir ki, “Çelsi” klubuna və onun rusiyalı sahibi Roman Abramoviçə qarşı tətbiq edilən qadağaların futbola heç bir aidiyyatı yoxdur:

“Rusiyalı milyarderlərə qarşı atılan addımlar Asiya, Yaxın Şərqdən olan bir çox milyarder-milyonçuların da gözünü qorxudacaq. Sirr deyil ki, son dövrlərdə Avropanın futbol klublarına digər ölkələrdən böyük sərmayələr qoyulub. Bunun da əsas iki-üç səbəbi var, daha doğrusu, var idi. Vəsaitlərinin qorunması, Avropada sabitlik, qanunların işləməsi, demokratik cəmiyyət, futbolun səviyyəsi və industriyaya çevrilməsi, prestij. Təkcə futbola olan sevgidən milyardlar Avropaya daşınmırdı. Futboldan istifadə edib digər biznes sahələrinə yatırımlar edilir, bir nömrəli idman növünün sayəsində dövlət strukturlarında təmsil olunan səlahiyyətli vəzifə sahibləri ilə əlaqələr qurulurdu. Avropaya böyük pullar gətirən iş adamları varidatlarının hərtərəfli qorunacağına əmin idilər. Rusiyalı oliqarxların bir anda milyardlarının itirilməsi, mənimsənilməsi “köhnə qitə”də demokratik qanunların hansı səviyyədə olmasını əyani göstərmiş oldu və siyasətin qurbanına çevrildi. “Çelsi”, Abramoviçlə bağlı verilən qərarların iqtisadiyyatla, futbolla, hətta korrupsiyayla heç bir əlaqəsi yoxdur. Rusiyanın çökdürülməsi üçün atılmış siyasi qərar, gedişlərdir. Abramoviçlərin, əlişir usmanovların yarım milyardlıq yaxtaları müsadirə edilir. “Çirkli pullar” idisə, indi niyə bu addımlar atılır, vaxtında edilə bilməzdi?

Demokratik dünya belə bəsit, kobud gedişlər etməməlidir. Bununla mədəni Avropa bütün aləmə göstərir ki, milyardlarla vəsaitin “yuyulmasına” şərait yaradıblar. Bumeranq effektidir, özləri-özlərini vururlar, dünyanın Avropaya olan inamını itirirlər. “Çelsi”, futbolla bağlı məsələ də “yuxarı”nın tapşırığı, birbaşa sifarişidir. Rusiyadakı korrupsiyadan, məmur özbaşınalığından, bürökratiyadan qaçıb pullarını Avropaya daşıyanlar yağışdan çıxıb yağmurdan betər ildrımlı leysana düşmüş oldular. Son məqamda oliqarxlara böyük ölçüdə heç nə olmayacaq, milyardlarının yarısını itirib, öz həyatlarını sürəcəklər. Dəyən yenə kasıba dəyəcək. Dünyanı bölənlərin ağılsızlığı, hikkəsi sayəsində qarşıdurma pik həddə çatıb. Qiymətlər qalxır, milyonlarla insan işsiz, evsiz-eşiksiz qalır, sabaha olan cüzi də olsa inamları, ümidləri yox olur. Bu tendensiya davam etsə, futbola da ciddi zərbələr dəyəcək, pullu adamlar Avropadan qaçacaq. Rusiya bəlli idi, Avropa da proseslərdə özünü normal aparmır. Dünyanı yenidən bölüb qurtarsaydılar, gənc, gələcək nəsillər heç olmasa, 10-15 il rahat gün görərdi. Bu xəmir hələ çox su aparacaq”. (Meydan.TV)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button