Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

“Hər iki komandanın ifasında çətin oyunun şahidi olduq. Birinci hissə daha maraqlı keçdi. İkinci hissədə isə azlıqda qaldıq və buna görə müdafiəyə çəkilməli olduq. Çünki qələbə hesabını qorumaq istəyirdik. Oyundan çox razı qaldım. Düzdü, yaradılan qol şanslarından hələ istədiyimiz kimi yararlana bilmirik. Amma hər zamanla oyunumuzu daha da yaxşılaşdırmağı, qol şanslarının 50 faizindən yararlanmağı düşünürük. Bu gün komandamın baxımlı, əzmkar oyunu məni çox sevindirdi. Futbolçularımı təbrik edirəm”.

“Meza Kollinin ikinci sarı vərəqəni necə aldığını hamınız gördünüz. Bunu analiz etməyə, onu cəzalandırmağa dəyməz. Amma ötən oyunda qırmızı vərəqə alan Emin Mehdiyev cəzalandırılıb. Halbuki, Hakimlər Komitəsinin sədri bir həftə öncə bizimlə görüşdə Eminə verilən ikinci sarı vərəqənin düzgün olmadığını bildirdi. Meza Kollinin hansısa pis hərəkəti də olmadı. Onun bilərəkdən sarı vərəqə aldığını düşünmürəm”.