“Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma…” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Partizani”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdi. Oyun intizamı yüksək səviyyədədi. Düzgün və aqressiv müdafiə olunurlar. Əks-hücumları yaxşı bacarırlar. Bizim üçün o qədər də uyğun deyil, ancaq biz belə rəqiblərə qarşı oynamışıq. Hər iki ölkənin çempionu qarşılaşır. İstəklidilər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq diqqətli olaq. Yaxşı oyunla azarkeşlərimizi sevindirmək istəyirik.
  • “Qarabağ”ın avrokuboklarda təcrübəsinin olması faktoru komandaya necə təsir edəcək?
  • Bəli, təcrübəmiz var, bu üstünlükdü. Amma bəzən ardıcıl uğurlardan sonra uğursuzluq yaranır. Buna görə narahat olmuşam. Ancaq hər bir halda təcrübə bizə kömək edəcək. Düşünürəm ki, təcrübə və səbr bizə uğur qazanmaq üçün fayda verəcək.
  • Stadionun dəyişməsi sizə necə təsir edəcək, azarkeşlərin sayı baxımından?
  • Bu mövzu ətrafında çox danışmaq olar. Artıq neçə ildi ki, bir stadionda oynaya bilmirik. Təkcə, futbolçular yox, azarkeşlər də Tofiq Bəhramov adına Respublika stadionunda özlərini yaxşı hiss edirlər. Amma son illər uyğun olmayan hallar olub. Bu, bizə mənfi təsir göstərməklə yanaşı, rəqibə üstünlük qazandırır. Buna baxmayaraq, oyun doğma Bakımızdadı, azarkeşlər də həmin azarkeşlərdi. Özümüzü tam oyuna hazır etməliyik. Lazım gəlsə, daha aktiv, aqressiv oynamağı qarşımıza məqsəd qoymalıyıq.
  • Albaniya mətbuatında yazılanlara görə, rəqib penaltilər seriyasına hazırlaşır. Sizin belə bir hazırlığınız olubmu?
  • Hər bir komanda belə hallara hazır olmalıdı. Futbolçularıma oyunun vacibliyini çatdırıram və sırf matça hazırlaşırıq. Hər bir məşqçinin də öz hazırlıq planı olur. Əvvəlcədən penaltilər barədə düşünməsək yaxşıdı.
  • Donald Geryenin gedişi bir az qalmaqallı oldu. Gerye ona pul ödənilmədiyi üçün Bakıya gəlmədiyini deyib…
  • Klub tərəfindən bu haqda məlumat verilib. Gerye burdan getməmişdən sözdə razılaşmışdıq. Sonradan danışıqlarımız davam etdi, yenə razılaşdıq. Gəlmə vaxtını da müəyyənləşdirdik. Sonda dediyimiz müddətdə komandaya qoşulmadı. Nəticədə yollarımızı ayırdıq. Klub və öz adımdan ona uğurlar arzulayıram. Komandaya faydasını verdi, ona uğurlar arzulayıram. Dərinə getməyə ehtiyac yoxdu.
  • Hücum xətti üçün transferlər olacaq?
  • Xayme Romero gəlib. Daim oyunçu axtarışındayıq. Yəqin məlumatınız var, yeni hücumçuyla danışıqlar gedir. Sabah həkim müayinəsindən keçdikdən sonra müqavilə bağlanacaq. Biz təkcə Avroliqanı nəzərə almalı deyilik. Çempionatda müəyyən limit var, milli komandaya da oyunçu verməliyik. İstədiyimiz oyunçuları komandaya dəvət etmək çətindi. Rəqabətin olmasını istəyirəm. Hər mövqedə iki oyunçu olduğunu nəzərə alsaq, heç də az deyil. Hər şey qaydasında olsa, kifayət edər. Məncə, son anlaşdığımız oyunçudan sonra kifayət edər.
  • Aylton Silva sabah meydana çıxmağa nə dərəcə hazırdır?
  • Hazırda tam optimal formada deyil. Amma sabah oynamaq ehtimalı var. Sabah səhər son məşqimiz olacaq. Konkret qərar o zaman bilinəcək. Məşqçilərlə məsləhətləşdikdən sonra yekun qərarımızı verəcəyik.
  • Start heyətdə hansı dəyişikliklər gözlənilir?
  • Ola bilər, dəyişiklik olsun.

Şahin Cəfərov