Super Liqa klubunda rumın hücumçu

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçularla gücləndirməyə davam edir.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi rumın hücumçu Denis Alebiki heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rumıniyanın “Astra” klubundan transfer edilən 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Astra” ilə 2021-ci ilə qədər müqaviləsi olan futbolçu sözügedən komandanın heyətində geridə qalan mövsümdə 26 oyunda 14 qol, 11 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə o, 5 oyunda 1 qolla yadda qalıb. Rumıniya yığmasının da üzvü olan Alibek, karyerası ərzində “Farul”, “Mexelen”, “Vitorul“, “Bolonya”, “İnter” (Milan) və “Styaua” klublarının formasını geyinib.

Yeri gəlmişkən, “Kayserispor” “Beşiktaş”ın sabiq futbolçusu Manuel Fernandesi və “Başakşəhər”in sol cinah müdafiəçisi Aziz Behiçi də heyətinə qatmaq üzrədir. Bu barədə klub prezidenti Berna Gözbaşı yerli mətbuata açıqlama verib. O, Manuel Fernandeslə 2 illik müqaviləyə dair razılığa gəldiklərini bəyan edib. 2014-cü ildə “Beşiktaş”dan ayrılaraq Moskva “Lokomotiv”inə yollanan portuqal yarımmüdafiəçi geridə qalan mövsümü Rusiyanın digər elita təmsilçisi “Krasnodar”da keçirib. 34 yaşlı oyunçunun tezliklə Türkiyəyə gələrək rəsmi müqaviləyə imza atması gözlənilir. Portuqaliya yığmasının üzvü “Beşiktaş”dan öncə “Everton”, “Valensiya”, “Portsmut” və “Benfika”nın da uğurları üçün çalışıb.

Aziz Behiç isə icarəyə götürülüb. O, mövsümün sonuna qədər Kayseri təmsilçisinin uğurları üçün çalışacaq. Avstraliya yığmasının da üzvü olan 29 yaşlı futbolçu 2019-cu ildən “Başakşəhər”dədir. O, Türkiyədə daha öncə “Bursaspor”un da formasını geyinib.