“Biz ancaq özümüzü fikirləşirdik” – Müsahibə

Mövsümün böyük hissəsini uğursuz keçirən “Sumqayıt” Premyer Liqanın son turlarında aldığı 3 ardıcıl qələbə ilə 6-cı yerə yüksəlməyi bacardı. Bundan başqa, “kimyaçılar” ölkə kubokunun finalına yüksəldi. İndi Sumqayıt təmsilçisini Avropa Liqasından cəmi bir oyun ayırır. “Sumqayıt” final matçında “Qəbələ”ni məğlub etsə, Avropa Liqasında Azərbaycanı təmsil edən 3-cü komanda olacaq.

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovla bu məsələlərlə bağlı danışdıq:

  • Geridə qalan mövsüm haqda ümumi fikirlərinizi bilmək istərdik.
  • Mövsüm bizim üçün ağır keçdi. İlk dövrənin bitiminə 3 tur qalmış gəldim. Komanda ardıcıl 5 məğlubiyyət almışdı və futbolçularda ruh düşkünlüyü var idi. Bizim üçün çətin idi. Sonra qışa qədər pis oynamadıq. Kubokda “Neftçi”ni keçdik, Premyer Liqadakı 3 oyunda isə 1 qələbə, 1 də məğlubiyyət aldıq. Qış təlim-məşq toplanışını yaxşı keçirdik. Gözləmədiyimiz halda, yeni dövrədə ardıcıl məğlubiyyətlər aldıq, “qara zolağ”a düşdük. Əsas sonluq yaxşı oldu. Ölkə kubokunda finala yüksəldik, Premyer Liqada 6-cı yeri tutduq. Ümumi götürsək, “Sumqayıt” tarixində ən uğurlu il kimi qeyd etmək olar.
  • Premyer Liqanın son 3 turunda aldığınız qələbələrlə 6-cı yeri tutduz. Komandanın anidən belə canlanmasında əsas faktor nə idi?
  • Hər dəfə demişəm, bizim məğlub olduğumuz oyunların səbəbləri var idi. Bu səbəblər həqiqətən bizdən asılı deyildi. Bəzi oyunlarda hakim səhvləri oldu ki, birbaşa oyunun nəticəsinə təsir etdi. Bəzi oyunlarda məğlub olsaq da, komanda pis təsir bağışlamamışdı. Rəqiblərdən geridə olmurduq. Ancaq əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik. Qol imkanlarımız olurdu, yararlana bilmirdik. Bunun da səbəbləri var idi. Komandaya yeni qoşulan futbolçular – Əmir Ağayev, Peyman Babayi tam uyğunlaşa bilməmişdi. 8-9 tur sonra, həmin futbolçular komandaya uyğunlaşdıqdan sonra bizə güc qatdıqlarını gördük. Son oyunlarda yaxşı çıxış etdilər və nəticə özünü göstərdi.
  • 22-ci turda “Qarabağ”a 0:6 hesabıyla məğlub olduz. Ancaq 4 tur sonra – 26-cı turda “Neftçi”ni səfərdə 3:2 hesabıyla məğlub edərək, Bakı təmsilçisinə çempionluq yarışında ağır zərbə vurduz. Bu oyun, bir az söz-söhbətlərə səbəb olmuşdu…
  • Söz-söhbətlər həmişə olur. Birinə qalib gəlirsən, birinə uduzursan. “Qarabağ”la oyunu götürsək, ilk 25 dəqiqə yaxşı oyun sərgiləmişdik. Hətta fikirləşirdim ki, matç bərabərliklə bitə bilər. Amma “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi öz sözünü dedi. Belə oyunlar bəlkə də 5-6 ildən bir olur. “Qarabağ” 8-9 hücum etdi, 6-sı qol oldu. Bu, nadir hallarda olur. “Neftçi” ilə oyuna ağır kubok matçından sonra çıxmışdıq. Hətta heyətdə çoxlu dəyişiklik edib, gənc futbolçulara şans vermişdim. “Neftçi”nin son oyunlarda sərgilədiyi “performans”ı futbolçulara bildirmişdim. Onlara düzgün taktika ilə oynasaq, mübarizə aparsaq, xal və xallar alacağımızı demişdim. Burda başqa məqsəd yox idi. Biz ancaq özümüzü fikirləşirdik. Bizim də vəziyyətimiz pis idi, sonuncu yeri tuta bilərdik. Yəni belə deyim də, bu söz-söhbətlər bizə çox da maraqlı deyil.
  • Ölkə kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaqsız. Oyuna çox az vaxt qalıb. Fikirləriniz nədir?
  • “Qəbələ” bizdən daha təcrübəli komandadır. Əvvəllər də kubokun finalında oynayıb, yaxşı komandadır. Stiven Monroz, Ceyms Adeniyi, Rauf Əliyev, Cavid Hüseynov kimi təcrübəli futbolçuları, üstünlükləri var. Bizim komanda da əzmkardır. Futbolçularım bura gəlmək üçün həqiqətən çox əziyyət çəkiblər. Onların kubokda həm “Neftçi”, həm də “Zirə” ilə oyunda sərgilədikləri “performans” çox yüksək idi. Onları təbrik etmişəm, bacardıqlarından daha artığını etdilər. Finaldır, bir oyundur, çalışacağıq çətin olsa da, qələbə qazanaq. Nəticə nə olur olsun, futbolçuları təbrik etmişəm.
  • Premyer Liqanın sonuncu turunda məhz “Qəbələ”ni məğlub etdiz (1:0). Bu, futbolçularda arxayınlıq yaratmaz?
  • Yox. Komandamı tanıyıram, bilirəm ki, oyuna necə köklənirlər. Bu, özünü məşqlərdə də göstərir. Oyuna ciddi hazırlaşırlar. Bəlkə, belə bir şans bir də bu futbolçuların əlinə düşməyəcək. Son oyunu götürsək, biz də, “Qəbələ” də başqa heyətlə çıxmışdı. Hiss olunurdu ki, onlar da əsasən finalı düşünür. İnşallah ki, bu oyun bizi yaxşı mənada aldatmayacaq.
  • Finalda qələbə qazansaz, Avropa Liqasında iştirak edəcəksiz. Avropa Liqası üçün heyətə legioner futbolçular cəlb olunacaqmı?
  • Finalda qalib gəlsək də, gəlməsək də oyundan sonra rəhbərliklə görüşüm olacaq. “Sumqayıt”da qalıb-qalmamağım bilinəcək. Bəzi şərtlər var, onlar qəbul olunarsa, davam edəcəyik.
  • Qalmağınız üçün əsas şərt kimi legioner transferini nəzərdə tutursuz, yoxa necə?
  • Mənim əsas istəyim odur ki, digər Premyer Liqa klubları ilə hər cəhətdən ayaqlaşa bilim.
  • Komandadan gedəcək futbolçuların adları bilinirmi?
  • Premyer Liqanın son oyunlarında çalışdım bütün futbolçulara şans verim. Kimin gedəcəyiylə bağlı hələ bir şey düşünməmişəm. Qarşıma qoyulan məqsədə görə qərarımı verəcəm.
  • “Zirə”nin futbolçusu Pərdis-Fərcad Azadın “Sumqayıt”a keçəcəyi iddia edilir…
  • Yox, heç bir futbolçuya və rəhbərliyə kimisə istədiyimi deməmişəm. Final oyunundan sonra qərarımı verəcəm.

Şahin Cəfərov