Sulşer Reşfordun son vəziyyətini açıqladı

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komandanın zədəli hücumçusu Markus Reşfordla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, 22 yaşlı futbolçunun son vəziyyəti ilə bağlı danışıb:

“Reşfordun vəziyyəti müsbətə doğru dəyişir. Biz ona ehtiyacı olan vaxtı verəcəyik. Onun zədəsini məcburən bərpa edə bilmərik. Böyük ehtimalla, bir-iki aydan sonra onu meydanda görə biləcəyik. O, hazır olduqda, zehni və fiziki cəhətdən daha da güclü olacaq. Onun geri qayıtması bizim üçün böyük irəliləyiş olacaq. Reşford gəncdir və bütün bu xüsusiyyətlər ona motivasiya ola bilər. O, oyundan əvvəl, fasilədə paltardəyişmə otağında, komandanın yanında olur. O, futbolçuların yaxşı çıxış etməyini istəyir. Reşford Avropa Liqasının və İngiltərə kubokunun finalınadək qayıda bilər”.

İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsi çərçivəsində “Vulverhempton”la oyunda (1:0) zədələnən futbolçunun mövsümü bitirdiyi deyilirdi.