“Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq”

Türkiyənin “Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ açıqlama verib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gümüşdağ, “Qarabağ”ın UEFA Avropa Liqasının “Vilyarreal”la ev matçının klubun stadionunda keçirilməsinə münasibət bildirib:

“Dünən bazaya gələndə mənə dedilər ki, UEFA Azərbaycanın “Qarabağ” klubuna öz meydanında oynamaq icazəsi verməyib. Azərbaycan klubu UEFA və “Başakşəhər”in razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də bildirdim ki, azərbaycanlı, xüsusilə, “Qarabağ”lı dostlarımızı burda qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu.

Oktyabrın 28-də Çempionlar Liqasında PSJ ilə oyunumuz olacaq, bir gün sonra isə “Qarabağ” “Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə, ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, “Qarabağ” klubunu ən yüksək səviyyədə qonaq edəcəyik.

“Qarabağ”ın 3 ev oyununun hamısının burda keçirilməsinə razıyıq. Amma UEFA hələlik bir oyunla bağlı qərar verib. UEFA müsbət rəy verərsə, “Qarabağ” digər iki görüşü də burda öz evindəki kimi keçirə bilər”.

UEFA Dağlıq Qarabağ bölgəsindəki gərgin vəziyyəti nəzərə alaraq Azərbaycan millisinin və “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə qərar qəbul edib. Eyni qərar Ermənistana da şamil olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button