“Spartak” azərbaycanlı futbolçuyla bağlı qərarını verdi

Rusiyanın “Spartak” klubunun futbolçusu Ayaz Quliyevin Moskva təmsilçisinin əvəzedici komandasına göndərildiyini xəbər vermişdik.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna 24 yaşlı futbolçunun fiziki məşqçi Vladimir Çipzanoviçlə mübahisəsi səbəb olub.

Nizam-intizam qaydalarını pozan əslən azərbaycanlı futbolçunun iyulun sonlarına qədər əvəzedici komandada qalacağı və daha sonra icarəyə veriləcəyi bildirilir. Moskva klubunun Quliyevin müqaviləsini ləğv etmək ehtimalı da var. Keçən il Denis Qluşak və Dmitri Kombarov da bu cür aqibətlə qarşılaşıb.

Cari mövsümdə “Spartak”ın heyətində 15 oyun keçirən Ayaz qol hesabını aça bilməyib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun təzminat qiyməti 2 milyon avro olaraq göstərilir.