Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Onlar bizdən daha ağıllı oynadılar. “Qəbələ”nin heyətində 3, 6, 9 və 10 nömrəli futbolçuları fərqləndirərdim. Onlar meydanda fərq yaratdılar. İkinci hissədə göstərdiyimiz oyuna görə bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Bilirsiz, futbolu qola görə oynayırlar. Yaxşı oynayıb, qol vurmursansa, bunun bir mənası yoxdu. Keyfiyyət bu oyunda da öz sözünü dedi”.

O, cavab matçında geridönüş etmələrinin mümkün olduğunu bildirib: “Həyatda da çox nikbin insanam. Əlbəttə, ümid edirəm. Bunun üçün bütün gücümüzü ortaya qoymalı və ən azı 3 qol vurmalıyıq. Ancaq onu da deyim ki, son oyunlarda çox qol vurmamışıq. Bu, yenə də keyfiyyətin göstəricisidi”.

Sopiç bu oyundan sonra qışda komandadan gedəcək futbolçuların siyahısına yeni adlar əlavə olunacağını deyib: “Bu, bizim imkanlarımıza bağlıdı. Çempionatda bizdən aşağıda olan rəqibdən cəmi 1 xal irəlidəyik. Cərimə meydançasına 25 asma edib təhlükə yarada bilmiriksə, bizə nə lazım olduğunu artıq bilirik”.

İlk dəfə Qəbələdə olan Sopiç oradakı infrastrukturu Xorvatiya klubları ilə müqayisə edib: “Deyə bilərəm ki, Xorvatiyada heç bir klubun bu cür 11 meydançası yoxdu. Klub təşkilatçılığı barədə nəsə deyə bilmərəm. Amma eşitdiyimə görə, Qəbələdə 11 məşq meydançası var. Bu isə çox yüksək göstəricidi. Bizdə belə şəraitə malik olan komandalar yoxdu”.