“Sona qədər döyüşəcəyik, buna şübhə olmasın”

Futbol üzrə Serbiya yığmasının qapıçısı Marko Dmitroviç DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

Komanda.az xəbər verir ki, İspaniyanın “Eybar” klubunun şərəfini qoruyan 28 yaşlı qolkiper Azərbaycan yığmasının da yer aldığı qrupda sona qədər mübarizə aparacaqlarını söyləyib:

“Yeni baş məşqçimizin təyinatını gözləyirik. Əminəm ki, assosiasiya seçimlə bağlı ən uğurlu varianta üstünlük verəcək. Qrupumuzda Portuqaliya aşkar favoritdir. Çətin olacaq. Ancaq səviyyəmizi ortaya qoyanda hər kəslə bacara bildiyimizi artıq göstərmişik. Avropa çempionatına yollanmaq dünya çempionatına getməkdən daha asandır. Çünki indi qrupda ikinci yeri tutan pley-off oynamalıdır. Sona qədər döyüşəcəyik, buna şübhə olmasın. Marta qədər tam hazır olmalıyıq”.

Dmitroviç millisinin problemlərindən də bəhs edib: “Ən böyük problemimiz özümüzük. Səfərdə Portuqaliya ilə heç-heçə edirik, Volfsburqda Almaniyaya müqavimət göstəririk, ancaq evdə şotlandlara qalib gələ bilmirik. Komandamızda sabitlik çatışmır. Biz serblər uduzduğumuz zaman səhvlərimizi təkrarlayırıq, sistemə inanmırıq. Məğlubiyyət yalnız dərs çıxardığın zaman yaxşıdır. Özümüzə inanmalıyıq, hər şeyi bir gecədə dəyişdirməyə çalışmamalıyıq”.

Qeyd edək ki, Serbiya DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, İrlandiya, Lüksemburq və Azərbaycanla mübarizə aparacaq. İlk tur çərçivəsində 2021-ci il martın 24-də Portuqaliya – Azərbaycan və Serbiya – İrlandiya matçları baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button