Quti İspaniyaya qayıtdı – rəsmi

Son olaraq “Beşiktaş”da baş məşqçi köməkçisi işləyən Qutinin yeni iş yeri bilinib.

Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssis “Almeriya” klubunu çalışdıracaq. Bu barədə İspaniya Sequndası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Quti ilə razılaşdırılmış müqavilənin detalları açıqlanmayıb.

“Almeriya” hazırda Sequndada 14 turdan sonra 24 xalla 2-cı sırada qərarlaşıb.

Karyerası ərzində yalnız Madrid “Real”ı ilə “Beşiktaş”da forma geyinən İspaniya yığmasının sabiq yarımmüdafiəçisi, məşqçi kimi də məhz bu iki kluba xidmət edib. O, 2013-2018-ci illər aralığında “Real”da gənclərdən ibarət komandalarda məşqçi kimi fəaliyyət göstərdikdən sonra, ötən ildən “Beşiktaş”da Şenol Günəşin köməkçisi kimi işləyirdi.