“Nə edək, bayraq götürüb, gedib inqilab edək?” – Müsahibə

Futbol üzrə Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Bakıda əvvəlcə Macarıstana (1:3), daha sonra isə Slovakiyaya (1:5) məğlub olması ciddi narazılığa səbəb olub. Slovakiya ilə oyun zamanı isə azarkeşlər AFFA rəhbərliyinin istefasını tələb edən şüarlar səsləndiriblər.

Bütün bunlar nə vaxta qədər davam edəcək? Nə zamana kimi Azərbaycanın milli komandaları beynəlxalq yarışlarda üzümüzü qara edəcək? Nə etməliyik? Bütün bu məsələlərlə bağlı AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevə üz tutduq. Vaxtı ilə Azərbaycan millisinin “sükanı arxasında” olmuş Diniyev ölkənin ən yaxşı futbol mütəxəssislərindən biri olmaqla yanaşı, əksər məşqçilərdən fərqli olaraq, hər zaman həqiqəti dilə gətirməsi ilə də seçilib:

  • Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Macarıstan millisinə 1:3, Slovakiyaya isə 1:5 hesabıyla məğlub olduğu oyunlar haqda fikirləriniz nədir?
  • Bilmirəm nə danışım. Hamı elə vurur, baltalıyır, dağıdır. Nə fikir var ki? Hamının fikri eynidir.
  • Azərbaycan millisinin ardıcıl məğlubiyyətləri futbol ictimaiyyətinin qəzəbinə səbəb olub. Belə bir fikir var ki, futbol adamları, mütəxəssislər bu barədə danışmır, susur, qorxurlar.
  • Hamıya aydındır, 20-30 ildir elə danışırıq, ancaq vəziyyət eynidir. Guya futbol adamını yaxına buraxan var? Yerli məşqçi olan kimi elə başına vururlar, ancaq ondan yazırlar.
  • Nəyə görə vəziyyət belədir? Nəyi dəyişmək lazımdır?
  • Hansısa bir elementi dəyişsək, nəyinsə düzəlməsi mümkün deyil. Tək bir elementlik deyil. O bir elementin nə olduğunu yəqin başa düşürsən. Futbolçular olsun, məşqçilər olsun, federasiya olsun, bunların hansısa birini dəyişsən, düzələn deyil. Ümumiyyətlə, bu, gündəmə gələcək məsələ də deyil. Milli komanda həmişə futbolumuzun pik nöqtəsi olub. Belə deyək də, milli komanda ölkə futbolunun piramidasının uc nöqtəsidir, ancaq o görünür, Avropanın üstün yığmaları ilə oyunlarda səviyyəsi bilinir. Neçə ildir deyirik ki, finala çıxmalıyıq, qrupdan çıxmalıyıq, bunlar boş xülyalardır, real deyil. Təkrara yer vermək istəmirəm, ancaq futbolumuzun yaxşı olması üçün uşaq futbolunu və klub futbolunu düzəltməliyik. Bu gün deyək ki, hansısa futbolçu klubda “dağıdır”, ancaq millidə gəlib oynaya bilmir. Hər şey burdan başlayır. Klubların sayları, keyfiyyət çoxalmalıdır. Məşq prosesləri düzgün keçilməli, məşqçilər savadlı olmalıdır. Həm uşaq futbolunda, həm də klublarda. Futbolçular yetişdirmək lazımdır. Millinin zəif çıxışını uşaq futbolunun üzərinə atmıram. Futbolumuzun ümumi səviyyəsindən danışıram. Bu, illərlə belə davam etsə, yenə eyni şey olacaq. Getdikcə futbolumuz geriyə gedəcək. Bizdə artıq hər şey çoxdan dəyişməli idi. Millinin məğlubiyyətləri hər zaman olub, rəhmətlik Əhməd Ələsgərovun vaxtında 0:7 hesablı məğlubiyyət, Torresin də vaxtında, Şahin Diniyevin də, Robert Prosineçkinin, Berti Foqtsun, Qurban Qurbanovun, Nikola Yurçeviçin də vaxtında məğlubiyyətlər olub. Problemlər arta-arta gedir, düzələn bir şey yoxdur. Bunun dəyişməsi üçün uşaq futbolu tamam dəyişməlidir, başqa sistemə keçilməlidir. Klublar tamam başqa futbolçular yetişdirməlidir. Millini milli edən klubların futbolçularıdır.
  • Serbiyaya 1:6 hesablı məğlubiyyətdən sonra Azərbaycan millisinin baş məşqçisi siz idiz və istefa vermişdiz…
  • Özünə hörmət edən məşqçi kimi baxdım, gördüm nəticə budur və istefa verdim. Hər şeyi qoyuram qırağa. Hər zaman sonda bütün məsuliyyət baş məşqçidə olur. Etik normadan çıxıb deyə bilmərəm ki, baş məşqçi istefa verməlidir. Kimin hansısa qərar verməsi öz şəxsi işidir. Hər məşqçinin öz xarakteri, qərarları var.
  • Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç futbolçuların səviyyəsinin aşağı olmasından gileylənir, onları rəqib komandaların oyunçuları ilə müqayisə edir.
  • Bu gün biz harasa gəliriksə, bunu bilirik. Mən bu komandaya gedirəmsə, əvvəlcə məlumat toplayıram. Komandanın futbolçuları, rəhbərliyi haqda öyrənirəm, bilirəm ki, hara gedirəm. Kimsə hara gedirsə, əvvəldən bunu bilir.
  • Futbol ictimaiyyətində belə bir fikir var ki, mütəxəssislər, veteranlar pul alır və buna görə də səslərini çıxarmırlar. Bununla bağlı nə deyə bilərsiz?
  • Kim nə pul alır ki? Kim nə pul alır? Nə var, danışırıq da. Nə edək, bayraq götürüb, gedib inqilab edək?
  • Buna görə narazılıq edirlər…
  • Siz müsahibə istəyəndə mən nəsə narahatçılıq, narazılıq bildirdim ki, danışmağa? Danışıram və sizin oxucular da oxuyur. “Kimsə danışmır, susur” kimi fikirlər yanlışdır. Kimin gücü nəyə çatırsa, onu da edir. Bizim gücümüz də müsahibələrdir. Biz durub nəyisə dəyişən gücdə deyilik. Biz sivil bir dövlətdə danışırıq, üç nəfər yığışıb inqilab edə bilməz. Baş məşqçidir, futbolçudur, hamısı federasiya ilə müqavilə bağlayır. Biz də duraq inqilab edək? Vicdanı olan hər bir şəxs narazılığını bildirir. 1992-ci ildə də belə idi, 2019-da da belədir. Bundan sonra da belə qalacaq. Bu şeylər düzəlməyənə qədər belə də olacaq. Mən həmişə deyirəm ki, real yerimizi bilməliyik. Ona görə bizdə inkişaf yoxdur ki, tullanmamışdan qabaq yerini bilməlisən, ayaqların yer tutmalıdır ki, tullana biləsən. Biz həmişə deyirik ki, güclüyük, Portuqaliyanı udacağıq, AÇ-2020-nin final mərhələsində olacağıq. Hər il bunları deyirik. Biz niyə Macarıstanı, Slovakiyanı udmalıyıq? Nəyimizə görə? Klub futbolumuza görəmi, uşaq futbolumuzamı, maddi-texiniki bazamıza görəmi? Bir səbəb göstərin ki, buna görə udmalıyıq. Bəlkə də hansısa qələbələr olar, bərabərliklər olar, o da ancaq təsadüfi. Bir element deyil, köklü dəyişiklik olmalıdır. Deyək ki, baş məşqçi dəyişdi, hər şey yağ kimi gedəcək? “Material” yoxdursa, yenə eyni hal olacaq. Tamam dəyişilməlidir. Futbolda olan hər bir kəsdən istəməliyik, tələb etməliyik ki, klub futbolçu yetişdirsin, biri klubda milliyə futbolçu hazırlamalıdır, biri millidə olanları motivasiya etməlidir. Ümumilikdə cavabdehlik lazımdır. Bir nəfər deyil, burda hamı günahkardır. Dediklərim düzəlməlidir, qlobal dəyişiklik olmalıdır. Olmasa da, heç nə, belə də qalacaq.

Şahin Cəfərov