Şeydayevdən Rusiyada növbəti qol – VİDEO

Futbol üzrə Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Anji” ilə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

Şeydayev də bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Ramil vurub. Millimizin üzvü 88-ci dəqiqədə penaltidən fərqlənib. Bu, Şeydayevin Rusiya Premyer Liqasında ardıcıl 3-cü qoludu.

Samara təmsilçisinin heyətində digər azərbaycanlı futbolçu Aleksandr Səmədov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

Hazırda “Krılya Sovetov” 24 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.