Şeydayev və qəlyan tüstüsü

Rəqib futbolçunu aldadanda da, qapıya zərbə vuranda da başını qaldırıb baxmadı. Hirsli idi, hiss olunurdu.

Niyə Ramil Şeydayev? Niyə Mahir Emreli, Araz Abdullayev, Ağabala Ramazanov yox? Ona görə ki, Şeydayev azərbaycanlıların içində böyüməyib? Ona görə ki, Şeydayev qəlyan tüstüsünü ciyərlərinə çəkməyib? Ona görə ki, Şeydayev Bakı küçələrində “avtoşluq” etməyib, süpürgəçi qadını o dünyaya göndərməyib?

Şeydayev qısa bir müddət “Qarabağ”ın formasını geyindi. Yaxşı ki, o formanı əynindən tez çıxardı. Yox, məsələ “Qarabağ”da deyil, azərbaycanlılarda, Azərbaycan futbolçularındadır. Braziliyalı “soydaşımız” Riçard Almeydanın “Qarabağ”a yeni transfer olunduğu dövrdəki oyununu xatırlayırsız? “Sambaçı” bir saniyə dayanmırdı, meydanın az qala istənilən nöqtəsindən rəqib qapısına zərbə endirirdi, çox da yaxşı qollara imza atırdı. Hardadır o Almeyda? Azərbaycanda yaşaya-yaşaya azərbaycanlılar kimi oldu, Mahir Emreli, Araz Abdullayev, Ağabala Ramazanov kimi oldu, öldü…

Şeydayev yaxşı ki, “Qarabağ”da qalmadı…

Kürşad