“Sevilya”da iki yeni futbolçu

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Niderlandın “Alkmaar” klubundan Ussama İdrissini və Almaniyanın “Herta” klubundan Kərim Rekiki transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Niderlandlı futbolçularla 5 illik müqavilə imzalanıb.

İdrissi “Qroningen”in yetirməsidir. 24 yaşlı vinger 2018-ci ildən “Alkmaar”ın uğurları üçün çalışırdı. Yarımmüdafiəçi Niderlandın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinsə də, ötən ildən Mərakeşin əsas millisinə dəvət alır.

Rekik isə peşəkar karyerasına “Mançester Siti”də başlayıb. Amma bu klubda möhkəmlənə bilməyən 25 yaşlı müdafiəçi “Portsmut”, “Blekbern”, PSV-də icarə əsasında çıxış edib. 2015-ci ildə Marsel “Olimpik”inə transfer olunan Niderland yığmasının üzvü, 2017-ci ildən “Heta”da forma geyinirdi.