“Qarabağ”dan başqa heç nəyi düşünmürəm” – “Sevilya”nın prezidenti

“Sevilya” klubunun prezidenti Xose Kastro Avropa Liqasında “Qarabağ”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Kastro, sabahkı oyunla bağlı bunları deyib:

“Mən hazırda “Qarabağ”dan başqa heç nəyi düşünmürəm. “Real”la oyuna hələ bir neçə gün var. “Qarabağ”a ciddi yanaşmalıyıq. Onlar hazırda öz liqalarında birinci yerdədirlər. İki il əvvəl “Atletiko”nun Çempionlar Liqasını erkən tərk etməsinin dırnaqarası günahkarı da “Qarabağ”dır. Biz onlara hörmətlə yanaşmalıyıq”.

Kastro, “Qarabağ”la görüşdə komandanın heyətində dəyişikliklərin olacağını gözlədiyini deyib:

“Bu, məntiqlidir. Çünki hər üç gündən bir oynayırıq. Ona görə də, baş məşqçi dəyişiklik edə bilər. Bu, onun hüququdur”.

Sabah keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.