Sevgi, sədaqət dolu bir oğlana vida

Kürşad

Futbolda elə isimlər var ki, baxırsan, tanrının Lionel Messiyə bəxş etdiyi istedadı, Kriştiano Ronaldoya verdiyi çalışmaq əzmini ona verməyib, amma ikonaya çevrilib, əfsanələşib. Məsələn, mənə görə, Françesko Totti, Del Pyero, Raul, ya da Stiven Cerrard xüsusi istedadlar olmayıb heç vaxt. Maradona, Messi, “Yekədiş” ləqəbli Ronaldo, Ronaldinyo  kimi inanılmaz driblinqə, Pele, portuqaliyalı Ronaldo kimi möcüzəvi qol duyumuna sahib olmayıblar ən azı. Amma seviliblər, ilahiləşdiriliblər. Sədaqət! Onları sevdirən, formasını geyindikləri klublara olan sədaqətləri olub. Yoxsa, nə deyirsiz deyin, nə qədər mübahisə edirsiz edin, Totti, Del Pyero, Raul, Cerrard kimi futbolçular əlahiddə futbol istedadına sahib olmayıblar. Ancaq dediyim kimi, onlarda çoxunda olmayan bir şey olub – sə-da-qət!

Futbol o qədər qəribə idman növüdür ki…

2010-cu ildə Azərbaycana – “Qarabağ”a bir oğlan gəldi. Heç kimin tanımadığı, xoş simalı bir oğlan. Onda heç kimin, bəlkə, hətta “Qarabağ”ın rəhbərliyinin də ağlına gəlmirdi ki, bu oğlan uzun illər Azərbaycanda qalacaq, komandanın uğurları üçün savaşacaq, Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsində oynayacaq. Onda yəqin hətta bu oğlanın özünün də ağlına gəlmirdi ki, günlərin birində kapitanı olduğu Albaniya millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Və… bütün albanlar kimi, azərbaycanlılar da əlləri ürəklərinin üzərində Albaniya millisinə azarkeşlik edəcəklər.

Bu oğlanı təkcə “Qarabağ” azarkeşləri tanıyıb sevmədi, bütün Azərbaycan sevdi. Albaniya yığmasının AÇ-2016-nın seçmə mərhələsinin son oyununda, İrəvanda Ermənistan millisini 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada o da var idi. Ermənistanın mərkəzindən bütün Azərbaycana salam göndərmişdi…

Bir vaxtlar əsas heyətinin vazkeçilməz üzvü olduğu “Qarabağ”da illər sonra ehtiyatda qalmasına çoxunun göstərə biləcəyi reaksiyanı vermədi – nə formasını hirslə çıxarıb yerə atdı, nə də başqa bir formada etirazını, şikayətini eşitdik, gördük. Əksinə, sakitcə, “başa düşmək lazımdır” dedi:

“Mövsümün əvvəlində baş məşqçi ilə görüşüm oldu. Həmin vaxt mənə oyunların hamısında oynamayacağımı bildirdi. Çempionat, kubok və avrokubokda yarışdığımızdan, təqvimin sıxlığını nəzərə alaraq, 36 yaşlı birinin təxminən 4-5 ayda 30 matçda iştirakının mümkün olmadığını başa düşmək lazımdır”. 

2010-cu ildə gəlmişdi Azərbaycana… 9 il – futbol üçün, futbolçu həyatı üçün az müddət deyil. “Qarabağ” üçün savaşdı, avrokubokların qrup mərhələlərində oynadı, dəfələrlə Azərbaycan çempionu oldu, kuboklar qaldırdı. Azərbaycana, “Qarabağ”a sayğısını, hörmətini, sədaqətini hər zaman göstərdi, Ermənistanın baş şəhərindən bütün azərbaycanlılara salam göndərərkən də, yaşıl meydanda top arxasınca qaçarkən də.

2010-cu ildə Azərbaycana gələn xoş simalı bu oğlanın adı sevgi idi, sədaqət idi, Ansi Aqolli idi.