“Sensasiyaya ümid edirəm” – “Sileks”in qapıçısı

Bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Sileks”in qapıçısı Daniel Bojinovski açıqlama verib.

Komanda.az “sportmedia.mk” saytına istinadən xəbər verir ki, Şimali Makedoniya təmsilçisinin “çərçivə qoruyucusu”, Ağdam klubu ilə matçda sensasiyaya ümid etdiklərini bildirib:

“Çətin oyun olacaq. “Səbail”də olarkən “Qarabağ”a qarşı oynadıq, amma mən meydanda deyildim. “Qarabağ” Azərbaycan futbolunda ən yaxşı klubdur. Təslim ola bilmərik. Ən əsası, qorxmamalı, edə biləcəyimiz şəkildə oynamalıyıq. Nəyin bahasına olursa olsun, yalnız müdafiəyə diqqət etməməliyik, onda sürpriz etmək şansımız olmayacaq. Rəqibin heyətində xüsusilə diqqət etməyimiz lazım olan hücumçular var. “Qarabağ”ın avrokuboklarda bizdən daha çox təcrübəsinin olduğu aydındır. Onlardan fərqli olaraq, bizim futbolçularımız avrokuboklarda debüt edəcək. Düşünürəm ki, tək oyunun olması daha yaxşıdır. Bu 90 dəqiqədə hər şey mümkündür, iki oyun keçirəsi olsaydıq, şanslarımız daha az olardı.

Ümid edirəm ki, qapımı toxunulmaz saxlamağı bacararam. Sensasiyaya ümid edirəm. Təzyiq altında deyilik. Bu gün “Sileks” və Makedoniya futbolu üçün oynayacağıq”.

“Qarabağ” – “Sileks” oyunu saat 20:00-da start götürəcək.