“Hər şey yaxşıdır” – “Kəpəz”in futbolçusu

Azərbaycan 1-ci divizionunda qış fasiləsi başa çatmaq üzrədir.

Komanda.az xəbər verir ki, bu həftə çempionatda ikinci dövrəyə start veriləcək. Mübarizəyə MOİK-ə qarşı oyunla başlayacaq “Kəpəz” Gəncədə hazırlığını davam etdirir. “Sarı-göylər”in müdafiəçisi Nodar Məmmədov marafonun ikinci hissəsi ilə bağlı klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Təlim-məşq toplanışı yaxşı keçdi. Məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməklə fiziki göstəricilərimizi artırdıq. Tam da olmasa, mənə elə gəlir ki, komanda 70-80 faiz çempionata hazırdır. Azarkeşlərimizdən dəstək gözləyirik. Yarışı yaxşı yerlərdə başa vurmaq istəyirik. İkinci dövrəyə necə start versək, finişə kimi elə də davam edəcək. Əvvəlki oyunlara hansı məqsədlə çıxmışıqsa, indi də qarşımıza həmin vəzifəni qoymuşuq. Bütün matçlarda qələbə istəyi ilə oynayacağıq”.

Təcrübəli futbolçu, komandasının üstün cəhətlərindən də danışıb:

“Kəpəz”in üstünlüyü ilk növbədə onun azarkeşləri və rəhbərliyin komandaya münasibətidir. Bəzi komandalardan fərqli, bizə toplanış keçmək üçün uyğun şərait yaradılmışdı. Hər şey yaxşıdır. Çalışacağıq ki, bunun qarşılığında gözləntiləri boşa verməyək”.

Nodar “Kəpəz”in ştatlı penalti vuranıdır. Bütün 11 metrlik vuruşlarda dəqiq olan futbolçu, kubokda “Keşlə” ilə görüşdə cərimə zərbəsindən də fərqlənib:

“İnşallah, davamı olacaq (gülümsəyir). Vacib olan start heyətinə düşməkdir. Düzünü deyim ki, birinci dövrədən fərqli olaraq komandada indi böyük rəqabət var. Bu da bizim xeyrimizədir. Hansı komandada rəqabət olubsa, nəticə də yaxşı olub”.