Samir Abasov: “Yurçeviç qalacaqsa, konkret izah olunmalıdır ki, nəyə görə qalır” SORĞU

Artıq AÇ-2020-nin seçmə mərhələsi yekunlaşmaq üzrədir. E qrupunda Xorvatiya, Macarıstan, Uels və Slovakiya ilə birlikdə mübarizə aparan Azərbaycan millisi geridə qalan 9 tur ərzində cəmi 1 xal toplayıb və qrup sonuncusudur. Əsas hədəfinin AÇ-2020-yə vəsiqə qazanmaq olduğunu bildirən AFFA rəhbərliyinin bu bir xal fonunda bundan sonra edəcəyi dəyişikliklər maraq doğurur. Xüsusilə də, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun göndərilməsindən sonra millinin “sükanı arxasına” gətirilən Nikola Yurçeviçlə bağlı hansı addımların atılacağı maraqla gözlənilir.

Seçmə mərhələdə cəmi 1 xalı olan millinin baş məşqçisi göndərilməlidir, yoxsa yox? Futbol adamlarına bu sualla müraciət etdik:

Samir Abasov (işsiz mütəxəssis):

“Çox çətin sualdır. Mən bu suala azarkeş kimi cavab verə bilərəm. Qrupda yaxşı oyun göstərilməyibsə, xal toplanmayıbsa, təbii ki, məyusluq olacaq. Amma bu mütəxəssisin qalıb-qalmaması ilə bağlı onu bura gətirən adamlar danışa bilər. Həmin adamlar Yurçeviçin işindən razıdılarmı, ya yox, təhlil edib, bir mövqe bildirməlidirlər. Açığı, hamı bilir ki, bizim milli hazırda dünya və ya Avropa çempionatına vəsiqə qazanmaq gücündə deyil. Bir azarkeş kimi istəyirik ki, heç olmasa, hərdən yaxşı oyunlarımız da olsun, ən azı növbəti oyuna qədər bizim danışmağa mövzumuz olsun. Təəssüflər olsun ki, bu seçmə mərhələdə bu olmadı. Düzdür, püşk atılanda, rəqibləri biləndə, başa düşdük ki, bizi nələr gözləyə bilər və proqnozlarımız da özünü doğrultdu. Həm bir azarkeş, həm də futbol adamı kimi deyə bilərəm ki, millinin son oyunu (Uelsə 0:2 hesablı məğlubiyyət) məni həddindən artıq təəssüfləndirdi. Bu oyundan sonra bəzi suallar yarandı, amma mən o ixtiyarda deyiləm ki, həmin sualı verim. Nə də həmin adamlar da o ixtiyarda deyil ki, durub mənə cavab versinlər. Ona suallar da verilməlidir, onun izahı da alınmalıdır. Sonra isə qərar verilməlidir ki, qalacaq, ya yox. Bu gün bu sual ümumi sorğuya çıxsaydı, biz səs toplaya bilərdik ki, Yurçeviç getsin, ya qalsın. Bəli, mənim öz-özlüyümdə suallarım var, oyunla, nəticəylə bağlı, amma onun qalıb-qalmaması ilə bağlı danışması lazım olan adamlar biz deyilik. Bizim danışmağımız heç bir şeyi dəyişmir. Yurçeviç qalacaqsa, konkret izah olunmalıdır ki, nəyə görə qalır. Eyni zamanda, gedəcəksə, bunun da səbəbi deyilməlidir. Yeni məşqçi gətirəcəklərsə, nəyə görə gətirildiyi, gözləntilər deyilməlidir. Deyilməlidir ki, sonra belə situasiya olanda, mən də bir azarkeş kimi öz suallarımı verib, cavab tapa bilim. Onda hər şey bəlli olacaq”.

Ceyhun Əliyev (Sport24.az):

“Milli komanda qəribə qrafik cızıb bu tsikldə. Elə oyunlar olub ki, xəcalət çəkmişəm, elə qarşılaşmalar da olub ki, nikbinlik üçün əsas verib. Yurçeviçin gedib-getməməsinə gəlincə, məsələ növbəti tsikldə hansı alternativlərin olmasına söykənməlidir. Şəxsi fikrimdir ki, millimizdə çalışan əcnəbi mütəxəssislər arasında reytinq cədvəli tətbiq etsəydik, Nikolanı ikinci pilləyə, həmyerlisi Robert Prosineçkidən sonrakı mövqeyə yerləşdirərdim. Xalın az olacağını püşkdən sonra onsuz da hamı bilirdi. Çünki qrupda 6 yox, 5 komanda var idi və mərhələni xalsız da başa vurmaq ehtimalımız yüksək idi. Ancaq bu mərhələni ən böyük nəsildəyişmə dönəmi adlandırardım. Xeyli sayda gənc futbolçu cəlb olunub milliyə. Yurçeviçin getməsinin bir halda tərəfdarıyam ki, yeni gətiriləcək mütəxəssis milliyə Prosineçkidən az fayda verməsin”.  

Araz Əhmədov (Sportfm.az):

“Ümumiyyətlə, yığmamızın seçmə mərhələdəki çıxışını fiasko adlandırmaq olar. AFFA rəhbərliyi Yurçeviçi təyin edəndə, onun da Prosineçki kimi az-çox uğurlu ola biləcəyini zənn edirdi. Düşünüblər ki, adam Robertin həmyerlisidirsə, onun kimi də komanda quracaq. Biabırçılıqdır. Futboldan uzaqdan-yaxından xəbəri olmayanlar ölkə futbolunun üzərinə qara bulud kimi çöküblər. Çəkilmək fikirləri də yoxdur. Milli komandalarımız utancverici nəticələrə imza atır. Adamlar isə işlərinə davam edir, sanki heç nə olmayıb. Haqq-hesab soruşan da yoxdur. Sanki yerlərə vurulan bu ölkənin nüfuzu deyil, təhqir edilən, alçaldılan biz deyilik. Nikola Yurçeviç nəinki göndərilməlidir, onun yanına Milan Obradoviçi də qoşub, burdan qovmaq lazımdır. Nəticə yox, oyun yox. Nəyə görə qalmalıdır? Olan-qalanımız da məhv olmaq üzrədir. Bunun günahkarı isə AFFA rəhbərliyidir. Futbol ictimaiyyəti ayağa qalxmalıdır, bunlar futbolumuza düşmən kəsiliblər. Bu duruma son verilməlidir”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button