Samir Abasovun söyüşü

Rəşad Ergün

Bir tərəfdə türkiyəli idarəçilərin olduğu “Qarabağ”, digər tərəfdə azərbaycanlıların başında durub, başına oyun açdığı “Neftçi”. Başıbəlalı “Neftçi”…

O günlərdə sosial şəbəkədə özünü “Neftçi”nin fanatı kimi təqdim edən, amma çox güman, klub rəhbərliyinin özünə qalxan kimi yaratdığı trollardan biri ilə danışırdıq. Üslubu, danışığı xoş deyildi, daha çox təhqir yüklü idi. “Neftçi”ni tənqid etməyimiz xoşuna gəlməmişdi. Adama izah etməyə çalışdım ki, “Neftçi” nə sənə, nə də Elxan Məmmədovun kluba prezident təyin etdiyi Kamran Quliyevə babalarınızdan şəxsi mülk kimi miras qalıb. Azərbaycanda “Qarabağ”, hətta milli komanda olmayanda “Neftçi” var idi və xalqın idi. Hətta sovet imperiyasının o sərt, intizamlı, baş qaldıranlara zərrə qədər güzəşt edilməyən dövründə belə, “neftçilər”in biabırçı nəticələrinə görə azərbaycanlı azarkeşlər susmurdular, etiraz edirdilər, tribunaları “dağıdırdılar”. Amma indi artıq kimin “Neftçi” fanatı, kimin Kamran Quliyevin trolu olduğunu aydınlaşdırmaq da çətindir. Birinə üsyan, etiraz edəcəksizsə, o, UEFA-nın təşkil etdiyi üç fərqli turnirdən biabırçılıqla qovulan, İsraildə dörd qol yeyib suyu süzülə-süzülə qayıdan “Neftçi”ni tənqid edən jurnalistlər olmamalıdır, Elxan Məmmədov, Kamran Quliyev olmalıdır. Sözünüz varsa, “Neftçi”ni market kimi idarə edən alverçilərə deyin, bəylər, xanımlar!

“Neftçi”nin baş məşqçisi Samir Abasov dünən “Makkabi” məğlubiyyətindən sonra klubun rəhbərliyini söyüb. Hə, üstüörtülü şəkildə, ağıllı, məntiqli insanların anlayacağı dildə söyüb:

“Belə rəqibə qarşı istədiyin heyətlə oynaya bilmirsənsə, işin çox çətindir… Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq… Nə qədər hazırlıqlı olsan da, oyunu dəyişmək üçün yaxşı heyətin olmalıdır… Razıyam, “Neftçi” avrokuboklarda oynamaq üçün hazır deyildi”.

Bu, söyüş deyil, nədir? Hara gedir SOCAR-dan “Neftçi”yə ayrılan milyonlar? Kimlərin ciblərinə gedir? Komandada iki-üç futbolçunu çıxmaq şərtiylə, qalanları “Keşlə”də, “Sumqayıt”da gününü keçirəcək səviyyədə top-top oynayanlardır. Kim soxuşdurub (ifadəyə görə üzrlü sayın) bu futbolçuları “Neftçi”yə?  Bu heyətin, bu komandanın məsuliyyəti kimin üzərindədir? Avrokuboklardakı biabırçılıq kimin vicdanına yazılmalıdır? Samir Abasov açıq şəkildə deyir ki, onluq deyil (“onluq deyilsə, baş məşqçi postunda nə işi var” sualı da başqa yazının mövzusudur).

Yeri gəlmişkən, biz yazanda ki, “Neftçi” AFFA-nın oyuncaq çempionatının – Azərbaycan Premyer Liqasının çempionu olmaqla “Qarabağ”ın UEFA-dan qazana biləcəyi milyonlarla avronun başına daş saldı, Kamran Quliyevin trolları kükrəyir, təpələrindən-dırnaqlarına kimi onlara yaraşan şəkildə təhqirlərə başlayırlar. Buyurun, Samir Abasovu da linç edin, etiraf edir ki, komanda avrokuboklara hazır deyildi. Avrokuboka hazır olmayan komandanın avrokubokda nə işi var? “Neftçi”nin, “Keşlə”nin, “Sumqayıt”ın avrokuboklarda nə iti azmışdı? Həə, bax, bu suala hamıdan yaxşı cavabı ölkənin ən istedadlı marketoloqlarından, alverçilərindən, biznesmenlərindən olan Elxan Məmmədov cavab verə bilər. Cavabı da çox güman belə olacaq: “UEFA-nın verəcəyi pullar birbaşa AFFA-dan maliyyələşən, rəhbərliyi birbaşa özüm tərəfindən təyin olunan klubların, başqa sözlə, özümün olmalı idi”. Əmin olun ki, doğru, səmimi cavab budur.

AFFA prezidenti olduğu yadına ancaq “Qarabağ” avrokubokların qrup mərhələsinə vəsiqə qazananda düşən Rövnəq Abdullayev Ağdam komandasını təbrik edib. Lakin büdcəsi prezidenti olduğu SOCAR-dan formalaşan “Neftçi”nin rüsvayçılığı haqda bir kəlmə də danışmayıb. Danışmaz da. Bu adamlar həyatları, karyeraları boyu başqalarının qazandıqları uğurların kölgəsində gizləniblər, şərik olublar, öz adlarına çıxıblar. Bu şəxslərin – rövnəq abdullayevlərin, elşad nəsirovların, elxan məmmədovların xarabalığa çevirdiyi, qaranlığa qərq etdiyi Azərbaycan futbolunda “Qarabağ” işıq saçan tək klubdur. O işığın sayəsində Rövnəq Abdullayevi, Elxan Məmmədovu FİFA-da, UEFA-da ciddiyə alırlar, futbol adamı kimi qəbul edib, hörmət göstərirlər. Azərbaycanda futbol üçün çoxdan məzar qazılıb, amma o işığın sayəsində “mərhum”u hələ də torpağa basdırmırlar.

Bir tərəfdə türkiyəli idarəçilərin olduğu “Qarabağ”, digər tərəfdə Elxan Məmmədov, Kamran Quliyev kimilərin başında dayanıb, başına daş saldığı “Neftçi”. Heyf, çox heyf sənə, “Neftçi”…