Samir Abasov: “Qarabağ” artıq çempiondur”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycam Premyer Liqasının 24-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Məcburiyyətdən çox qaçdıq. Çünki kubokun cavab oyununa bir az gümrah çıxmaq istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Futbolçuları da başa düşürəm. Üzərimizdə psixoloji təzyiq var idi. Bu görüşdə məqsəd qələbə qazanaraq uğurlu seriyanı davam etdirmək idi. İkinci məqsəd isə görüşə tam heyətlə çıxmaq idi. Təəssüf ki, Sezar Meza Kolli, İvan Brkiç, Voyislav Stankoviç, Mert Çelik kimi oyunçular zədələdirlər. Onların olmaması komandaya təsir göstərdi. Həmin futbolçuların “Zirə”yə qarşı ölkə kubokunun cavab görüşündə iştirakı da sual altındadır. Düşünürdük ki, oyun yaxşı gedərsə, bəzi futbolçuları matçın gedişində dəyişib, onlara istirahət verərik. Bu da alınmadı. İkinci hissədə azlıqda qaldıqdan sonra həddən artıq çox təzyiqlə üzləşdik. Bu da normal haldır”.

Abasov son oyunlarda heyətlə bağlı müəyyən problemlər yaşadıqlarını söyləyib: “Meydanda 10 və ya 11 nəfərlə qalmağın fərqi yoxdur. Sona qədər mübarizə aparmaq lazımdır. Əsas odur ki, bu gün də uğurlu seriyanı davam etdirdik. Başqa çıxış yolumuz yoxdur. Yolumuza davam edirik. Bəzi zədəlilərimiz təkrar müayinədən keçəcəklər. Onlardan cavab gözləyirik. Ehtiyat oyunçular skamyamıza baxsanız, görərsiniz ki, vəziyyətimiz ürəkaçan deyil”.

O, artıq “Qarabağ”ı çempion hesab etdiyini vurğulayıb: “Gəlin, bunu gizlətməyək. Çünki iki komandanın digərlərinə qarşı oyunu göz önündədir. Mən deməklə deyil. Bu gün heç “Qarabağ”ı düşünmürdük. Yalnız bir məqsədimiz var idi ki, seriyanı davam etdirək, kubok öncəsi əhval-ruhiyyəmiz yaxşı olsun. Əsas heyət üzvlərinin olmamasının komandaya nə qədər təsir etdiyini bilirəm. Çünki öz aralarında da danışırlar”.

Baş məşqçi Ömər Buludovun ikinci sarı vərəqə ilə meydandan qovulmasına da toxunub: “Həmin anı oyun epizodu saymıram. “Neftçi”nin futbolçusu belə hadisənin yaşanmasına imkan verməməlidir. Deməli, o qədər təzyiq altındasan ki, passivində bir sarı ola-ola durduğun yerdə rəqibi dartırsan, haqlı olaraq da qırmızı vərəqə alırsan. Futbolçumuz həmin dəqiqə düşdüyü situasiyanı analiz edə bilmirsə, bizə nə qədər çətin olduğunu anlayın”.