Samir Abasov: “Limitin qəti əleyhinəyəm”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Meydanda sonadək gərginlik hiss olundu. Bu gün rəqib də yaxşı mübarizə apardı və bizə çox sayda problem yaratdı. Müdafiədə yaxşı oynayır, bizə imkan vermirdilər. Önəmli olan qələbə qazanmaqdır. Seriyamızı davam etdirmək istəyirik. Uşaqlar da əziyyət çəkdilər. Yolumuza davam edəcəyik”.

Abasov komandasının meydana arxayın çıxmadığını söyləyib: “Biz buna imkan vermərik. “Sumqayıt”la aramızdakı keçmiş oyunlar çox şişirdilib. Qol vurduq, dərhal da buraxdıq. Son vuruşlar yaxşı olsaydı, bəlkə də, birinci hissədə oyunun taleyini həll edərdik”.

Baş məşqçi qapıçı Kamran İbrahimovun qol buraxdığı epizodu da şərh edib: “Sabah ona ehtiyacımız ola bilər. Təbii ki, səhvi deyiləcək, göstəriləcək. Kamran yerli qapıçıdır, limitdə istifadə edirik. Bu səhvin üstünə getmək fikrimiz yoxdur”.

O, Azər Əliyevin yerli statusda çıxış etməsi ilə bağlı işlərin getdiyini vurğulayıb: “Baş məşqçi kimi bunun tez həllini tapmasını istəyirəm. Rəhbərlik bu suala daha yaxşı cavab verər. Ümumiyyətlə, limitin qəti əleyhinəyəm. Amma qərar budursa, başqa yolumuz yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button