Samir Abasov: “Bu qədər gənc futbolçu oynadan olmamışdı”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ənənəyə çevrilən çətin səfər oyununda qələbə qazandıq və çempionatda seriyanı davam etdirdik. Rəqib qırmızı vərəqə alsa da, oyuna nəzarət bizdə idi. Kubokdakı məğlubiyyətdən sonra bu basqının altından çıxmaq asan deyildi. Gənc futbolçularımızı təbrik edirəm. Öz üzərlərində işləsinlər, biz də onlara dəstək olarıq.

Komandadan gözləntilər həddən artıq böyükdür. Reallıqları dərk edən insanlar var. Ən yaxşısını etdiyimizi düşünürəm. Bu qədər gənc futbolçu oynadan olmamışdı. Çempionatda seriyanı uduzmadan davam etdirmək futbolçularımızın, xüsusən təcrübəlilərin böyük zəhmətinin nəticəsidir. Bugünkü reallıq belədir ki, çıxdığımız oyunlarda mübarizə aparmalıyıq. Sonuncu dəfə qol buraxdığımız oyun demək olar ki, olmayıb. Bunları edə biliriksə, o qədər də pis nailiyyət deyil”.

Abasovun sözlərinə görə, onu tez-tez sistemi dəyişdiyinə görə qınayırlar: “Bu gün bir neçə oyunçumuzun yoxluğunda da sistemi niyə dəyişdiyimizi deyən olacaq. İstər çölümüzdən, istərsə də içimizdən. Araşdırmadan “niyə filankəs oynamadı” sualları ortaya çıxır. Elə oyunlarımız olub ki, komanda daxilində çaxnaşma salmağa çalışırlar. O qədər vacib oyunlar öncəsi belə hallar olub ki… Baş məşqçi önəmli matçlardan əvvəl kiməsə deyə bilərmi ki, səni istəmirəm? Bu cür vəziyyətdə ab-havanı qoruya bilmişiksə, kubokdakı məğlubiyyətdən sonra uda biliriksə, böyük nailiyyətdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button