Şakirə şikar kimi baxanlar

Əmir

Bizdə futbolçu niyə yetişmir? Bu sualın müzakirəsi həmişə fikirlərin haçalanmasına gətirib çıxarır. Kimisi AFFA-nı, kimisi klubları, kimisi azərbaycanlı mentalitetini, kimisi də şəraitsizliyi əsas gətirir. Mənim üçün isə futbolçunun inkişafının qarşısını alan əsas məsələ məhz xarakterdir. Hansı ölkədə olmasından asılı olmayaraq.

Dünən son illərdə əsas məşğuliyyətimizə, hətta həyat tərzimizə çevrilmiş sosial şəbəkədə “gəzərkən” qarşıma bir müsahibə çıxdı. Azərbaycan U-21 millisinin üzvü, “Sabah”ın gənc futbolçusu Şakir Seydiov klubunda ona şans verilməməsindən narazılıq edir, klubun yeni müqavilə təklifini qəbul etmədiyinə görə əvəzedici heyətə göndərilməsindən şikayətlənir.

Həmişə azərbaycanlı futbolçuları geri salan, karyerasının axırına çıxan səbəblər üzərində baş sındırdığımdan, dərhal keçid linkinə daxil olub, müsahibəni oxudum. Artıq ürəyimdə futbolçunun yolunu kəsən şəxslərin qarasınca söylənməyə başlamışdım ki, futbolçunun ilk sözlərini oxuduqdan sonra fikrim dəyişməyə başladı.

Jurnalistin “nə baş verir” sualına gənc futbolçu “Jelko Sopiçin vaxtında oynamaq şansı qazanırdım. Sonra şou yaratmağa başladılar” cavabını verir. Ölkə çempionatını daim izləyən biri kimi, düzü, bu sözlər məni xeyli təəccübləndirdi. Ay Şakir, sən ki, hələ 20 yaşı tamam olmamış, ölkə futbolu ilə yaxından maraqlananları, bir də dost-tanışını çıxmaq şərtiylə heç kimin tanımadığı birisən. Axı kimin nəyinə lazımdır sənin ətrafında şou yaratmaq?

Nə isə, keçək məsələnin “şou” tərəfindən “biznes” tərəfinə. Futbolçunu əsas narazı salan məqam jurnalistlərin məsələyə baxışı olub (niyəsə buna təəccüblənmədim). Gəncimiz hansısa saytda klubla pul məsələsinə görə anlaşa bilmədiyi barədə xəbər görüb, “cin atına” minib:

“Mətbuatda yazırlar ki, Şakir Seyidov yeni müqavilə imzalamaq üçün 6-7 min manat pul istəyib. Allaha and olsun ki, klubdan 1 manat belə, istəməmişik”.

Yaxşı, Şakir buna da inandıq. Bəs klubla problemin nədir? Niyə rəhbərliklə razılığa gəlib, sevimli məşğuliyyətinə qayıda bilmirsən? Futbolçumuzun verdiyi cavab:

“Sadəcə, demişik ki, baş məşqçi yenidir, əvvəlcə bizi görsün, bəyənsə, müqaviləni yeniləyərik. Bəlkə heç bizi oynatmayacaq. Niyə indidən 3 illik müqaviləyə imza ataq?”

Yenə uyğunsuzluq var. Ay Şakir, axı mətbuatda sənin əvəzedici komandaya göndərilməyin barədə xəbərlər çıxanda “Sabah”ın başında xorvat Jelko Sopiç dururdu. Hansı ki, bu məşqçi sənin kimi 10 futbolçu arzulayırdı. Axı sən Sopiç baş məşqçi ola-ola “yeni baş məşqçi məni görsün” sözünü necə deyə bilərdin? Burdan da belə çıxır ki, Şakirin klub rəhbərliyinin yeni təklifini qəbul etməməsində başqa amil rol oynayıb. Futbolçunun sözlərinə görə, pul deyil. Bəs nə? Bu barədə isə futbolçu heç nə demir.

Şakirin dediklərindən belə çıxır ki, futbolçunun kluba əvvəl başqa şərti olub. “Sabah”da baş məşqçi dəyişikliyi olub, komanda Qəbələdə məşqlərə başladıqda, kənarda qaldığını, qatarın artıq getdiyini görüb, “valı dəyişib”.

Futbolçunun dediklərində maraqlı nüanslardan biri də özü barədə “biz” deyə bəhs etməsidir. Bu da əslində dediklərinin futbolçunun özünə yox, başqasına aid olduğu şübhəsi yaradır. Elə fikir yaranır ki, kimsə hansısa məqsədlə bu gəncdən öz məqsədləri üçün istifadə edir. Məqsədləri nədir, babalı öz boyunlarına.

Şakir xüsusi istedada malik gənc olmasa da, izlədiyim qədəriylə, oynadığı matçlarda meydanda canını qoyub, mübarizə aparıb. Bir çox azərbaycanlı futbolçu kimi onda da anadangəlmə istedaddan çox, döyüşkənlik, əzmkarlıq xüsusiyyətləri ön plana çıxır. Buna görə, onun “oynamaq istəyirəm” sözlərindəki səmimiyyətə tam inanıram. Ancaq “niyə oynamırsan” sualına cavabları, bir çox yerli futbolçu kimi, özünü yox, başqalarını, əsasən də ona Premyer Liqada debüt şansı verən (özü də cəmi 17 yaşında, “Qarabağ” kimi komanda ilə oyunda) klubu günahlandırması təəssüf doğurur.

Ən çox təəssüf doğuran amil isə bunların futbolçunun öz fikirlərinin olmamasıdır. Kimsə, hansısa məqsədlə gənc futbolçunun əvəzinə danışır və ya danışdırır, əziyyətini isə məhz o çəkir.

P. S. Müasir futbolda Kilian Mbappe, Ansu Fati kimi “ağzından süd iyi gələn” yeniyetmə, super istedadlı futbolçu nümunələri var. Onlar heç vaxt şikayətlənməyib, mətbuatın ətraflarında şou yaratmasına imkan verməyiblər. Şans veriləndə meydana çıxıb oynayıblar, özlərini sübut etmək üçün dəridən-qabıqdan çıxıblar. Kaş bizim futbolçular da başlarını yuxarı qaldırıb, başqalarından nəsə öyrənmək istəyəydilər. Bax, onda mövzu mütləq futbol olardı, Şakir Seyidovun dediyi kimi, şou yox.