Dünən Azərbaycan millisinin futbolçusu, bu gün Braziliya polisi – Yazı+Fotolar

Dünən bizdə, bu gün harda?

Komanda.az-ın “Dünən bizdə, bu gün harda?” adlı rubrikası davam edir.

Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan bəhs olunur. Bu dəfə 12 dəfə Azərbaycan milli komandasının heyətində meydana çıxan Ernani Pereyra haqda danışacağıq.

Ernani Pereyra 1978-ci ildə Braziliyada anadan olub. Futbolçu karyerasına vətənində başlayan müdafiəçi, “Vila-Nova”, “Kruzeyro”, “Quarani” kimi komandaların şərəfini qoruyub. 2003-cü ildə Avropaya üz tutan Pereyra, Türkiyənin “Konyaspor” klubuna transfer olunub. Super Liqa təmsilçisi ilə iki ildə 21 matçda iştirak edən və cəmi bir qolla yadda qalan Pereyra, 2005-ci ildə Azərbaycana üz tutub.

Yevlaxın “Karvan” klubuna keçən müdafiəçi, burda 4 il top qovur. Ümumilikdə 79 matçda iştirak edən Ernani, Azərbaycanda da bir qol vura bilir. Braziliyalı müdafiəçinin “Karvan”dakı çıxışı o dövrdə Azərbaycan milli komandasının baş məşqçisi olan Şahin Diniyevin diqqətindən yayınmır və çalışdırıcı, braziliyalı üçün yığmanın qapılarını açır.

Ernani Pereyra Andre Ladaqa və Leandro Qomeş kimi braziliyalılarla birlikdə Azərbaycan milli komandasında 2006-cı ildə debüt edib. O, həmin ilin oktyabrında, AÇ-2008-in seçmə mərhələsində Portuqaliyaya qarşı keçirilən oyunda meydana çıxıb. Sözügedən qarşılaşmada portuqallar 3:0 hesabıyla qələbə qazanıb, Ernani isə sarı vərəqə ilə cəzalanıb. Azərbaycan milli komandasında 2006-2009-cu illərdə forma geyinən və ümumilikdə 12 oyun keçirən Pereyra, qol hesabını aça bilməyib.

2007-ci ildə “Karvan”dan “Orduspor”a keçən keçmiş müdafiəçinin Türkiyəyə ikinci səfəri uğurlu alınmır. Belə ki, daha çox ehtiyatda qalan və qonşu ölkə klubundan ayrılan Ernani, elə həmin ildə yenidən Yevlaxa – “Karvan”a qayıdır. Ernani bundan sonra 2009-cu ilə qədər Premyer Liqa klubunun uğurları üçün çalışıb.

Ernani Pereyra 4 il formasını geyindiyi “Karvan”la yerli çempionatda 101 oyuna çıxıb. O, Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən 10 legionerdən 8-cidir. “Sambaçı” 2006-cı ildə Azərbaycan çempionatının gümüş medalçısı, ölkə kubokunun isə finalçısı olub.

2010-cu ildə yenidən Türkiyəyə yola düşən Ernani, bu dəfə “Mersin İdman Yurdu” klubuna keçib. İlk mövsümündə 18 oyunda iştirak edən futbolçu, 2011/12 mövsümünün qış fasiləsində komandadan göndərilib. Azərbaycan millisinin sabiq müdafiəçisinin son klubu da məhz “Mersin İdman Yurdu” olub.

Ernani haqda son məlumata görə, Azərbaycan millisinin keçmiş müdafiəçisi hazırda vətənində – Braziliyada polis kimi fəaliyyət göstərir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button