“Gələcək üçün nikbinəm” – “Sabah”ın baş məşqçisi

“Sabah”ın baş məşqçisi Jelko Sopiç yoxlama oyununda Macarıstanın “Pakş” klubu ilə qarşılaşdıqları matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan xorvatiyalı mütəxəssis, 0:2 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“İlk 60 dəqiqədə sərgilədiyimiz oyundan məmnun qaldım. Meydanda rəqibdən daha yaxşı təsir bağışlayırdıq. Bir neçə qol fürsəti qazandıq, lakin bu şanslardan istifadə edə bilmədik. Toplanış çərçivəsində ilk yoxlama matçımız olduğunu nəzərə alaraq, sərgilədiyimiz oyunun gələcək üçün ümid verdiyini deyə bilərəm.

Bu gün bir neçə gənc futbolçunun əsas komandanın heyətində meydana çıxması sevindirici haldı. “Pakş” ilə oyunda çempionatdakı gənc futbolçu limitinə uyğun 8 futbolçuya şans verdik. Həmçinin bizim gənc qolkiperin, Rüstəm Samiqqulinin əsas komandada ilk oyununu keçirməsi də sevindiricidi. Onun cəmi 16 yaşı var. Gənc futbolçularla Macarıstanın yüksək liqa təmsilçisinə qarşı oynamağın çətin olacağını bilirdim. Lakin onlar məşqlərdə özlərini yaxşı göstərmişdilər və şans qazanmağa layiq idilər. Mən gənclərə bir-iki dəqiqə şans verən məşqçilərdən deyiləm. Fikrimcə, onlar klubun gələcəyidilər və daha çox oynamalıdılar. Əlbəttə, 10 gənc futbolçu ilə oynayanda nəticə qazanmaq çətin olur. Ancaq bu, hazırlıq mərhələsidi və hər bir futbolçu özünü göstərmək üçün şans qazanmalıdı. Gənc futbolçularımıza görə sevinirəm və ilk 60 dəqiqədə sərgilədiyimiz oyuna əsasən, gələcək üçün nikbinəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button