“Mən hər zaman öz oyunumdan narazıyam” – Müsahibə

“Sabah” klubunun və Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin Komanda.az saytına müsahibəsi:

  • Coşqun, Azərbaycan Premyer Liqasında geridə qalan üç turu necə dəyərləndirirsən?
  • Geridə qalan üç turun bizim üçün uğurlu alındığını demək olar. Həm də, bu üç tur çempionatın daha maraqlı keçəcəyini göstərdi. Çalışdıq ki, mövsümə yaxşı başlayıb, maksimum nəticə qazanaraq, uğurlu start edək.
  • Baş məşqçiniz Visente Qomesin oyun sisteminə uyğunlaşa bilirsiz?
  • Qomes taktiki cəhətdən çox güclü məşqçidir. Onun oyun sxeminə uyğunlaşmaq çətin olmadı, hətta bu sxemi tətbiq etmək, bizə işdən əlavə bir zövq də verir.
  • Demək olar ki, mövsüm başlayandan meydana start heyətdə çıxırsan. Baş məşqçinin səndən tələbləri nələrdir?
  • Baş məşqçimizin təkcə məndən yox, bütün komandadan tələbi meydanın hər yerində mübarizə aparmağımızdır. Yeri gələndə, bu mübarizədə bir döyüşə gedər kimi məsuliyyətli və fədakar olmağımızı tələb edir. Göründüyü kimi də, bu il komandamız meydanın hər qarışında qaçır, pressinq edir, intensivliyi 90 dəqiqə saxlamağa çalışır.
  • “Qarabağ”da olarkən dayaq yarımmüdafiəçisi kimi oynayırdın. İndi isə daha çox hücuma dəstək olur, cinah oyunçusu kimi mübarizə aparırsan. Səncə, hansı mövqedə olarkən komandana daha çox fayda verirsən?
  • Mövqeyimin dəyişməsi başda çətinlik yaratsa da, artıq buna öyrəşmişəm. Bu mövqe mənim üçün çox da yad deyil. Hansı mövqedə daha faydalı olduğum haqda siz və baş məşqçim fikir bildirə bilər. Şəxsim fikrim belədir ki, hücumameyilli oynayanda daha çox zövq alıram.
  • Komandanızın builki hədəfləri nələrdir?
  • Allaha şükür, hələ ki, hər şey yaxşı gedir. Təki sonda da istədiyimiz nəticə olsun. Hədəfimiz hər oyunda üç xal qazanmaq və yeni mövsümdə Avroliqada iştirak etməkdir.
  • Növbəti turda “Səbail”lə qarşılaşacaqsız. Oyunla bağlı nə deyə bilərsən?
  • “Səbail”lə oyuna da digər matçlara hazırlaşdığımız kimi hazırlaşırıq. Tək istədiyimiz yaxşı oyun sərgiləyib, üç xal qazanmaqdır.
  • “Sabah”dakı çıxışınla Azərbaycan yığmasının yeni baş məşqçisi Canni De Byazinin diqqətini çəkdin və uzun müddətdən sonra milliyə dəvət aldın…
  • Şükürlər olsun ki, uzun müddətdən sonra milli komandaya geri qayıtdım. Milli hamımızındır və orda olmaq bir fəxrdir.
  • Yığmanın səfərdə Kipri məğlub etdiyi oyunun (1:0) ikinci hissəsində meydana çıxdın. Çıxışını necə qiymətləndirirsən?
  • İnşallah, daha yaxşı nəticələr qazanıb xalqımızı sevindirərik. Mən hər zaman öz oyunumdan narazıyam. Ki, gələcəkdə nələrisə düzəldim, daha yaxşı edim. Yığmaya və “Sabah”a daha faydalı olmaq üçün əzmlə çalışacam.
  • Karyeranla bağlı hədəflərin nədir?
  • Hazırda tək məqsədim “Sabah”la bu il Avropa Liqasına vəsiqə qazanmaq və bu uğurda pay sahibi olmaqdır.

Şahin Cəfərov