“Soyuqqanlı olmalı, az səhv etməliyik” – Açıqlama

Sabah futzal üzrə Yüksək Liqada 2018-2019-cu il mövsümünə yekun vurulacaq.

Komanda.az xəbər verir ki, həlledici oyunda son çempion “Araz”la debütant “Xəzər Cənub” qarşılaşacaq. Oyun öncəsi “Araz”ın kapitanı Rizvan Fərzəliyev Azərbaycan Futzal Federasiyasının rəsmi saytına fikirlərini bildirib:

“Mövsümə yenə 7 komanda ilə başladıq. Ancaq əvvəlki illərdən fərqli olaraq sonluğun maraqlı olacağı aydın idi. Çünki çempionat fərqli reqlamentlə keçirilirdi. Əsas mərhələdən sonra pley-off oyunları intiriqanı sona qədər saxladı. “Araz” əsas mərhələni lider kimi başa vursa da, bu, çempion olmaq üçün kifayət etmədi. Pley-off-da EKOL-la üz-üzə gəldik. İlk duellərdə maraqlı nəticələr qeydə alındı. Xüsusilə də “Araz”ın EKOL-a uduzması gözlənilməz oldu. 4:6 hesablı yenilgidən sonra ikinci oyunda da komandamızın şansını aşağı qiymətləndirənlər az deyildi.

İtkilərimiz var idi. Xətai Bağırov birinci oyunda iştirak etmədi. Bu azmış kimi, İsa Atayev də qırmızı vərəqə aldı və ikinci matçda bizə kömək edə bilmədi. Özüm də zədəli idim. Millinin apreldəki oyunlarından sonra müalicə olunurdum. Məcbur olub keyidici iynə ilə meydana çıxdım. Çünki oyun bizim üçün həlledici idi. Məğlub olsaydıq, titulla vidalaşacaqdıq, əvəzində EKOL finala yüksələcəkdi. Səfərbər olub oyunu üçüncü duelə daşıdıq. Həmin matçda isə vəzifəmizin öhdəsindən layiqincə gəldik”.

Kapitan digər duellə bağlı da düşüncələrini bölüşüb:

“Maraqlıdır ki, həmin cütün taleyi də üçüncü qarşılaşmada həll olundu. Komandalar hərəyə bir qələbə qazanmaqla üçüncü oyunun keçirilməsini zəruriləşdirdi. Üçüncü oyun da kifayət qədər gərgin keçdi. Hətta pley-off-da ilk dəfə olaraq qalib əlavə vaxtda müəyyənləşdi”.

Sabahkı oyunun gərgin keçəcəyini gizlətməyən Fərzəliyev, çempionluğu əldən verməməyə çalışacaqlarını vurğulayıb:

“Final cəmi bir oyundan ibarətdir. Soyuqqanlı olmalı, az səhv etməliyik. Rəqibimiz mövsümün debütantı olsa da, kifayət qədər güclü komandadı. Heyətləri tamamilə İrandan dəvət olunmuş keyfiyyətli futzalçılardan qurulub. Mobil, yaxşı komanda olduqlarına görə finala qədər yüksəliblər. Bizim heyətimizdə də iranlı legionerlər oynayır. Oyunöncəsi sanşlar bərabərdir. Bu bərabərliyin “Araz”ın xeyrinə dəyişməsini istərdik. Əlbəttə, sözdə yox, meydanda bunu etməliyik”.