“Səhvlər etsək, sığortalamaq çətin olacaq” – Joze Alesio

Futzal üzrə Avropa çempionatının final mərhələsində növbəti oyununu İspaniya yığmasına qarşı keçərəcək Azərbaycan millisi matçöncəsi son məşqini keçirib.

Komanda.az xəbər verir ki, məşqdən əvvəl baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə mətbuat konfransı keçirilib.

Braziliyalı mütəxəssis bunları söyləyib: “İspaniyanı hamı tanıyır. Bu komanda yalnız Avropa çempionatının deyil, hər zaman dünya çempionatının da favoritlərindəndir. Yaxşı oyunçulara malikdirlər. Bütün komponentlərdə – müdafiədə, hücumda, standart vəziyyətlərin icrası zamanı – təhlükəlidirlər.

Arxada qalan oyunlar bunu deməyə əsas verir ki, komandalar arasında ciddi səviyyə fərqi yoxdur. Əsas odur ki, oyuna yaxşı köklənəsən, intizamı pozmayasan, yaratdığın şanslardan maksimum istifadə edəsən, ən əsası isə az səhv edəsən. Çünki indiyə qədər keçirilmiş oyunların taleyini kobud səhvlər həll edib. Oyunçulara da bunu demişəm, səhvlər etsək, sığortalamaq çətin olacaq. Ona görə də diqqətli olmalıyıq, mümkün qədər az səhvə yol verməliyik.

Komandamız hazırlaşır. Dünən də, bu gün də futzalçılarla fərdi söhbətlər aparmışıq. Futzal elə oyundur ki, rəqib hər nə qədər favorit hesab olunsa da, nəticəni əvvəlcədən deyə bilməzsən. Özünə inamın varsa, məqsədinə də nail olacaqsan. Rövşən Hüseynli və Qallo bu görüşdə də bizə kömək edə bilməyəcəklər. Ümid edirəm ki, İspaniya ilə matçda lazım olan nəticəni qazanacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button