Çənəsində çürümə gedən, Fransadan təklif alan Emil Balayev… Atası Komanda.az-a danışdı – Müsahibə

“Səbail”dən “Tobol” klubuna keçən Emil Balayev sərgilədiyi oyunla diqqətləri üzərinə cəlb edib. Azərbaycan millisinin Xorvatiya ilə oyununda (1:1) debüt edən və 90 dəqiqə ərzində yığmanı bir neçə dəfə real qoldan xilas edən Balayev, Qazaxıstan çempionatında da bu mövsüm çıxdığı oyunlarda 699 dəqiqə “çərçivə”ini toxunulmaz saxlayaraq, rekorda imza atıb. Bir müddət əvvəl isə Emillə Türkiyənin “Konyaspor” klubunun maraqlandığı xəbərləri çıxmışdı.

Emilin “Ayntraxt”dakı (Frankfurt, Almaniya) legioner həyatı, milli komandada debütü və transfer iddialarıyla bağlı 25 yaşlı qapıçının atası Nazim Balayevlə söhbət etdik. Balayev, oğlunu gələcəkdə “Real” formasında görmək istədiyini deyir:

  • Emilin “Səbail”dən ayrılma səbəbi nə idi?
  • Qazaxıstan Premyer Liqasında çıxış edən “Tobol”dan rəsmi təklif olduqdan sonra “Səbail”in rəhbərliyi ilə və məşqçilər korpusuyla məsləhətlər etdik. Azərbacan millisinin qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenko da vaxtı ilə Qazaxsıtanda çıxış edib. Onunla da məshələt etdikdən sonra qərara gəldik ki, Emilin “Tobol”da forma geyinməsi onun inkişafına da yüksək təsir edəcək. Və bu gün hamımız bunun şahidi oluruq. Sonradan bildim ki, hamımızın tanıdığı Valeri Qazzayevin oğlu, “Tobol”un o vaxtkı baş məşqçisi Vladimir Qazzayev də Emili çoxdan izləyirmiş.
  • “Tobol”dan başqa, hansısa klublardan maraq və ya təklif var idi?
  • 3-4 ay bundan qabaq Türkiyə Super Liqasından və Avropanın bir klubundan təklif var idi, amma bunlar hamısı rəsmi olmadığından, bu təkliflərin üstündə çox dayanası olmadıq. Qeyd etmək istəyirəm ki, Emil peşəkar idmançı olduğundan, öz işini gözəl bilir. Buna baxmayaraq, hər zaman mənimlə məsləhətləşir. Son qərarı isə özü verir və mən onun qərarına hər zaman hörmətlə yanaşıram. Ancaq yenə də deyirəm, o, öz işini daha yaxşı bilir.
  • Türkiyə Super Liqasından söz düşmüşkən, “Konyaspor”un da hazırda Emilə marağı olduğu haqda xəbərlər yayılıb. Bu nə dərəcə düzgündür?
  • “Konyaspor”la əlaqədar şəxsən Emilə zəng vurdum və onunla söhbət etdim. Dedi ki, “ata, belə bir şey olsa, mən əvvəlcə səninlə məsləhətləşərdim”. Emil məsləhətsiz heç nə etmir, ancaq qərarı da özü verir. O, peşəkar futbolçudur və bu, onun işidir. Ümumiyyətlə, biz də “Konyaspor” haqda mətbuatdan xəbər tutduq. Bir şey olsaydı, biz bilərdik. İndi o qədər skautlar var ki, izləyirlər və sonra qərar verirlər, heç bundan oyunçunun da xəbəri olmur. Mətbuat yazır ki, Emili milli komandada da izləyiblər və yenə də izləyəcəklər. O, yenidən yığmaya dəvət almalıdır. Yenə də izləyəcəklər. Türkiyədə tanışlarım var, onlardan da soruşdum, ancaq dedilər ki, belə bir şey eşitməyiblər. Emil hazırda “Tobol”un uğurları üçün çalışır və indi bu haqda danışmaq düz deyil. Müqaviləsi başa çatanda və ya daha tez nəsə olsa, mətbuatı xəbərdar edəcəyik. Ancaq hazırda belə bir şey yoxdur, varsa da, biz bilmirik.
  • Qazaxıstana gedib, Emilin oyunlarını canlı izləmisizmi? Orda stadionlarda atmosfer necədir?
  • Əlbəttə, gedib izləmək istəyərdim. Ancaq Emil uşaq vaxtından həssas olduğu üçün getməmişəm. Həyəcan keçirirdim, gedib Qazaxıstana baxmaq, ordakı yaşayışı bilmək istərdim. “Ayntraxt”da olarkən Almaniyaya getmişdim. O da əməliyyat üçün. Emil iki dəfə çənəsindən əməliyyat olundu. Onun üçün getmişdim. Buna görə də, Emil “Ayntraxt”da möhkəmlənə bilmədi. Sonra da dizindən əməliyyat olundu. Bir il yarım da müqaviləsi var idi. Çoxu bunu bilmirdi. Uyğunlaşma çətin olurdu. Vaxtı da az oldu. Demək olar ki, bir il oynamadı. Sonrakı 6 ay da hissə-hissə. Buna görə də, ora ilə vidalaşdı. Bizdə demək olar ki, stadionlara adam gəlmir. Qazaxıstanda bizim çempionatdan 3-4 dəfə daha çox azarkeş olur. İstəyərdim ki, burda da azarkeşlər çox olsun.
  • Özünüz Premyer Liqa oyunlarını izləyirsizmi?
  • Qazaxıstan Premyer Liqasında Emilin oyunlarını izləyirəm. Ümumiyyətlə, Azərbaycan Premyer Liqası ilə maraqlanıram. Ən çox Qazaxıstan və bizim mətbuatdan xəbərlər alıram.
  • Emilin “Ayntraxt”dan sonra Azərbaycana gəlməsi nə ilə bağlı idi? Təklifin olmaması, yoxsa necə?
  • Belə deyərdim, iki dəfə əməliyyat olundu. Bir il yarım müqavilə və ağır əməliyyatlar… Əməliyyat hardasa 6-7 saat çəkirdi. Uyğunlaşma çətin oldu. Yadımdadır, “Köln”lə oyun idi, əsas heyətdə olmalı idi. Oyundan əvvəl qulaqlarından analiz götürdülər və hərarəti çıxdı. Yoxlanışdan sonra gördülər ki, çənəsində çürümə gedir. Buna görə də, iki dəfə əməliyyat oldu. Belə şeylər olub. Bir dəfə də dizindən əməliyyat oldu. Bundan sonra Almaniyanın 2-ci Bundesliqasından və Fransa Liqa 1-dən təklif var idi. Amma maliyyə məsələlərində razılıq olmadı. Sonra “Neftçi” variantı yarandı, ancaq hansı səbəbdən “ağ-qaralar”a keçidi alınmadı, bilmirəm. Danışıqlar oldu, olmadı, yadımdan çıxıb. Orda Mübariz müəllim və Elnur var idi. Əvvəlcə dedilər ki, “yaxşı”, ancaq sonra Emil komandasız qaldı. Faiq Əzizovla məşqlər keçirdi. Sonra Qurban Qurbanov “Qarabağ”a götürdü. Sonrasını bilirsiz, “Səbail”ə keçdi. Onda “Səbail” birinci divizionda idi. Emilin də köməkliyi ilə Premyer Liqaya yüksəldilər.
  • Emil Xorvatiya ilə oyunda ilk dəfə milli komandada debüt etdi. Yəqin ki, həmin oyundakı çıxışı ilə sizi qürurlandırdı…
  • Bu debüt Allahın köməkliyi ilə çox uğurlu olduğundan, bir ata kimi çox sevindim. Bu sevinci sözlə ifadə etmək çətindir. Onun Xorvatiya qarşısındakı çıxışı oyunun nəticəsinə böyük təsir etdi və Azərbaycan millisi qrupda ilk xalını qazandı. Həmin oyunda Azərbaycan millisinin bütün oyunçuları öz mübarizliyini və döyüşkənliyini sübut etdi. Özü də Xorvatiya – dünya çempionatının gümüş medalçısı olan komanda ilə oyunda.
  • Oğlunuzun hazırda azərbaycanlı qapıçılar arasında ən yaxşı olduğunu düşünürsüz?
  • Buna peşəkar məşqçilər korpusu qiymət verər. Bu haqda mənim nəsə deməyim düz olmaz. Bu yaxınlarda Azərbaycan millisinin qapıçı məşqçisi Dmitri Kramarenkonun fikirlərini oxudum. O deyirdi ki, “mən bütün qapıçılara eyni yanaşıram. Hansısa durumda və zamanda hansısa qapıçının fiziki sağlamlığını, texniki tərəfdən düzgünlüyünü, məşqlərdə iştirakını nəzərə alıb, onu əsas heyətə qoyuruq”. Mən millidəki üç qapıçının üçünə də hörmət edirəm və onları öz oğlumdan ayırmıram. Onları öz balam kimi sevirəm. Yaxşı qapıçı ilə bağlı məşqçilər qərar verir. Söhbət Azərbaycan millisinin, dövlətin uğurlarından gedir. Əsas, bu haqda düşünmək lazımdır. Kimin necə olduğuna məşqçilər korpusu qərar verməlidir.
  • Emilin 25 yaşı var və bu, qapıçı üçün gənc yaş sayılır. Avropada fanatı olduğunuz komanda varmı ki, Emilin orda forma geyinməsini istərdiz?
  • Belə xüsusi fanatlığım yoxdur. Petr Çex vaxtı ilə “Çelsi”də olduğundan, “Çelsi”yə azarkeşlik edirdim, bununla yanaşı, “Liverpul”a da xüsusi rəğbətim var. Orda da Məhəmməd Salah oynayır. Və “Real”ı xüsusi fərqləndirərdim. Çox adam “Barselona”nı dəstəkləyir, ən güclü futbolçular orda olur. Ancaq Emilin “Real”da forma geyinməsini istərdim. Bu da qismətdir. Emil bir az da üzərində işləsə, buna nail ola bilər. Ümumiyyətlə, təkcə Emil yox, bütün hər kəs qarşısına məqsəd qoyub, işləməlidir, hədəfə çatmaq üçün gecə-gündüz çalışmalıdır. Pul ikinci dərəcəli olmalıdır, əsas öz üzərində işləməlidir.
  • Emilin nə vaxtsa yenidən Azərbaycana yolu düşsə, hansı klubda çıxış etməsini istərdiz?
  • Belə bir şey olsa, siz də şahid olacaqsız. Bura vətənimizdir, fərq etmir hansı komandada oynayır. Ancaq mənə qalsa, “Neftçi”nin formasında görmək istərdim. Çünki o, bu klubun yetirməsidir.
  • Azərbaycanlı futbolçuların valideyinlərinə nə məsləhət görərdiz?
  • Uşaqların fikirlərinə hörmətlə yanaşmalarını məsləhət görərdim. Fərqi yoxdur, uşaq futbolçu olur, boksçu olur və ya başqa sahəni seçir. Ancaq bu da sərhədlər çərçivəsində olmalıdır. Uşağa təkan vermək, dəstək olmaq lazımdır. Söz verirlərsə, bunun üzərində dayansınlar, yalan danışmasınlar. Uşaqları incitməsinlər, döyməsinlər. Deməsinlər ki, “sən bunu belə etməlisən”, “niyə belə etmədin?” Uşaq bu zaman atadan çəkinir. Qoy, sərbəst fikirli olsunlar. Bu zaman uşaqlar öz məqsədlərinə çatacaq. Valideyinlər, uşaqlarınızın fikirlərinə hörmətlə yanaşın və onları seçimlərində sərbəst buraxın.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button