“Səviyyə öz sözünü dedi” – Emin Mahmudov

“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qalatasaray”a qarşı keçirdikləri oyunu dəyərləndirib.

Komanda.az xəbər verir ki, təcrübəli futbolçu 1:3 hesabıyla uduzduqları oyundan sonra klubun rəsmi saytına açıqlamasında rəqib komandanın şanslarından maksimum yararlandığını bildirib:

“Layiqincə mübarizə aparmağa çalışdıq. Amma “Qalatasaray” şanslarından maksimum yararlandı. Rəqibin heyətində kifayət qədər səviyyəli futbolçu var. Biz hesabı bərabərləşdirəndən dərhal sonra qapımızdan qol buraxdıq. Buna görə də ikinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Çalışdıq kompakt oynayıb, rəqibə boş zona verməyək. Çünki boşluqdan çox yaxşı istifadə etməyi bacarır. Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”.