Səfir Bakıdakı final oyunu ilə bağlı: “Mənim ailəm, dostlarım buraya gəliblər”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroftsun mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, səfir mətbuat konfransında Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı ilə bağlı fikirlərini bölüşüb:

“Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəsi var. Təhlükəsizlik məsələlərinə gəlincə, təcrübəyə uyğun olaraq, ölkə rəhbərliyi bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir. Azarkeşlər artıq Azərbaycanla, Bakı ilə və fantastik stadionla tanış olublar”.

Səfir bildirib ki, Bakıda möhtəşəm oyun keçəcək və hər kəs bundan zövq alacaq:

“Mənim ailəm, dostlarım buraya gəliblər. İctimai nəqliyyatda gedərkən durub yer verirlər. Biz hər zaman insanların səmimi münasibətini görmüşük. Azərbaycan xalqının istiliyini və qonaqpərvərliyini hər zaman hiss edirik.

Biz “Arsenal” və “Çelsi” klubları, AFFA, eləcə də çoxlu sayda azarkeşlərin Bakıya gəlişini təmin etmək məqsədilə London polisi ilə sıx əməkdaşlıq edirik. Böyük Britaniyadan Bakıya dörd çarter reysi təşkil olunacaq. Daha dəqiq informasiya bir qədər sonra olacaq. Adətən bu cür oyunlar zamanı klublar özləri çarter reyslərinin təşkili ilə bağlı özəl şirkətlərlə danışıq aparır və bu reyslər kiçik aeroportlardan həyata keçirilir”.

Mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyununda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.