“Müxtəlif ssenarilər üzərində düşünürük” – Elxan Məmmədov

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Məmmədov, virusun futbol turnirlərinə göstərdiyi təsirlə bağlı danışıb:

“Əlbəttə, situasiya fərqli, qeyri-adidir. COVİD-19 virusunun yayılması, bunun pandemiyaya çevrilməsi həyatın demək olar ki, bütün sahələrinə öz təsirini göstərib. Təbii ki, idman, xüsusilə də, futbol bu baxımdan istisna deyil. Biz hər gün Avropadakı digər milli assosiasiyalarda çalışan həmkarlarımızla əlaqə saxlayırıq, mütəmadi qaydada UEFA ilə məsləhətləşmələr aparırıq. Həmçinin Peşəkar Futbol Liqasının və klublarımızın rəhbərliyi ilə daim təmasdayıq. Hadisələrin sonrakı gedişi ilə bağlı adını qeyd etdiyim qurumların təmsilçiləri ilə birgə müxtəlif ssenarilər üzərində düşünürük. Belə situasiyalarda qarşılıqlı əlaqə şəraitində çalışmalı və əlbəttə ki, ilk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına əməl etməliyik. Çünki ən vacib məsələ sağlamlığın qorunmasıdır. Futbolçuların fiziki hazırlıq səviyyəsi də diqqət mərkəzindədir, təbii ki, yeni qrafikdə fiziki hazırlıqla bağlı dövr nəzərə alınacaq. Hamımız anlayırıq ki, bizim də məxsus olduğumuz Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır. Hələ ki, səbirli olmalı və gözləməliyik”.