“Əvvəl bu problem təkcə “Səbail”də idisə, növbəti mövsümdə bütün komandalarda müəyyən sıxıntılar olacaq” – Müsahibə

“Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyevin Komanda.az saytına müsahibəsi:

  • Aftandil bəy, “Səbail”də vəziyyət nə yerdədir?
  • Vallah, hələ heç nə bəlli deyil, yaxın zamanda rəhbərliklə görüş olmalıdır. Karantinə görə bundan əvvəlki görüşlərimiz təxirə salınıb. Yeni mövsümlə, futbolçuların, məşqçilərin müqavilələriylə bağlı məsələlər açıq qalıb.
  • Sizin də müqaviləniz bu ayın sonu bitir. Nə düşünürsüz?
  • Təkcə məndə yox, bütün məşqçilər heyətinin müqaviləsi bitir. Müqavilə məsələsi hələ qalıb.
  • Öz fikriniz nədir? “Səbail”də qalıb işləyəcəksiz, yoxsa ayrılıq haqda düşünürsüz?
  • Hələ gözləmə mövqeyindəyik, nəsə bir irəliləyiş yoxdur. Bu həftə də olmasa, gələn həftə görüş olacaq. Rəhbərliklə görüşməmiş heç nə deyə bilmərəm.
  • Geridə qalan mövsümdə “Səbail”də maliyyə problemləri var idi. Yəqin koronavirus pandemiyasına görə bu problemlər yeni mövsümdə daha qabarıq olacaq.
  • Əvvəl bu problem təkcə “Səbail”də idisə, növbəti mövsümdə bütün komandalarda müəyyən sıxıntılar olacaq. Koronavirus pandemiyası bütün klublara öz təsirini göstərəcək.
  • Artıq digər klublar transfer çalışmalarına başlayıb, ancaq “Səbail”də bir səssizlik var. Sükuta səbəb nədir?
  • Belə deyək də, hələ hər hansı bir transfer haqda danışmaq yersiz olar. Çünki hələ rəhbərliklə görüş olmayıb. Rəhbərliklə görüşək, bundan sonra artıq bir sıra məsələlərə aydınlıq gələcək deyə, düşünürəm.
  • “Səbail”də qalacağınız halda, yeni mövsümdə heyətdə düşünmədiyiniz futbolçular var?
  • Yox, vallah, indi fikir bildirmək istəmirəm. İlk növbədə məşqçilər heyətiylə bağlı məsələ dəqiqləşməlidir. Rəhbərliklə görüşəndən sonra da artıq nəsə düşünüb, demək olar.
  • Maykl Essyenin taleyi necə olacaq?
  • Bu məsələlər eyni qaydada, hamıya aiddir. Müqavilə məsələsi elədir ki, əvvəlcə məşqçilərin taleyi bəlli olmalıdır. Ondan sonra futbolçularla bağlı düşünmək olar. Essyendə də digər futbolçular kimi, vəziyyət eynidir. Onun gələcəyiylə bağlı rəhbərliklə görüşdən sonra qərar vermək olar.
  • Koronavirus pandemiyasına görə yaranan fasilədə çempionatın dayandırılmasından əvvəl iki hazırlıq oyunu keçirdiz. Komanda necə təsir bağışladı?
  • Məlum məsələdir ki, komanda iki ay yarım futboldan uzaq qaldı. Birdən-birə iki həftə məşq edib, yoxlama oyunu keçirəndə futbolçulardan nəsə gözləmək düz olmazdı. Ancaq yenə də, biz məşq edib, hazırlaşırdıq. Operativ Qərargah tərəfindən sərtləşdirilən qaydalardan sonra çempionatın dayandırılması gözlənilən idi. Açıq havada məşqlər də qadağan edilmişdi. Premyer Liqanın dayandırılması yerində verilmiş qərar idi. Görürük ki, yoluxmaların sayı da getdikcə artır, vəziyyət kritikləşir. Növbəti mövsümün başlama vaxtı da bilinmir. Məşqçilər üçün indiki halda komanda qurmaq çətindir.
  • Çempionatın dayandırılması qərarının düzgün olduğunu dediz. Mövsümü 7-ci tamamladız, amma çempionat davam etsəydi, yuxarı pillələrdə olan komandalarla aranızda elə də böyük xal fərqi yox idi. Hətta avrokuboklara da vəsiqə qazana bilərdiz.
  • Bir çox açıqlamalarda eşidirəm ki, idman prinsiplərindən danışırlar. Ancaq fikrimcə, əsas olan sağlamlıqdır. Biz davam etməliydiksə, ilk növbədə, bizə iki həftə deyil, daha çox vaxt verilməliydi. Hansı ki, digər Avropa ölkələrində də komandalar ayyarım məşq etdikdən sonra çempionata başladılar. Elə bir ölkə görmədim ki, klublar iki həftə məşq edib, çempionata başlasın. Digər məsələ də odur ki, bizdən daha yaxşı bilən Operativ Qərargahdır. Onlar statistikanı daha yaxşı bilir, vəziyyəti dərk edir. Mövsümü 7-ci yerdə tamamlamağımız, Avroliqaya getmək ehtimalımız məni çox narahat etmir. Baxın Rusiya Premyer Liqasına, “Rostov” komanda şəklində karantinə alınıb. Bu halda oynamaq və son oyunda alınan nəticə təbii ki, futbolçulara da pis təsir edir.
  • Komanda qurmağın çətinliyini vurğuladız. Yeni mövsümdə “Səbail”in heyətində legioner futbolçular çox olacaq, yoxsa büdcəyə görə gəncləşdirmə siyasətinə üstünlük verəcəksiz?
  • Büdcədən asılı olacaq. Büdcəmiz nəyə imkan versə, onu da edəcəyik. Rəhbərliklə bu məsələlərlə bağlı söhbətimiz olduqdan sonra nələrsə demək olar.

Şahin Cəfərov