Rıza Çalımbay: “Qarabağ”la oyun milli matç kimi bir şey olacaq”

“Kayserispor” matçı bizim üçün çox önəmlidir. Həmin görüşdən yaxşı nəticə ilə qayıtmaq istəyirik”.

Komanda.az xəbər verir ki, bu fikirləri “Sivasspor” komandasının baş məşqçisi Rıza Çalımbay Türkiyə Super Liqasının 5-ci turunda səfərdə “Kayserispor”a qarşı keçirəcəkləri matçdan öncə klubun rəsmi saytına açıqlamasında deyib.

“Sivasspor” Avropa Liqasında “Qarabağ”, İspaniya “Vilyarreal”ı və İsrail “Makkabi”si (Təl-Əviv) ilə birlikdə İ qrupunda mübarizə aparacaq.

57 yaşlı mütəxəssis bildirib ki, avrokubok matçından əvvəl yaxşı nəticə komandanın əhvalını yüksəldəcək və onlara inam verəcək:

“Bundan sonra bizim üçün çətin dönəm başlayır. Avropa Liqasının ilk oyununda “Vilyarreal”a qarşı yaxşı nəticə qazanmaq niyyətindəyik. Daha sonra ardıcıl iki matçı doğma meydanda keçirəcəyik. Bu qarşılaşmaları qiymətləndirsək, yaxşı məqama gələcəyik. Evdəki oyunlarda azarkeşlər olarsa, daha yaxşı olacaq”.

Çalımbay, Avropa Liqasının həm komanda, həm də ölkə üçün önəmli olduğunu sözlərinə əlavə edib:

“Bu oyunlar həm komandamız, həm də ölkəmiz adına çox önəmlidir. Bizim üçün milli matç kimi bir şey olacaq. Bütün oyunçularımız bunun fərqindədir”.

“Qarabağ”ın “Sivaspor”la ilk oyununu noyabrın 5-də Türkiyədə, təkrar qarşılaşmasını isə noyabrın 26-da Bakıda keçirəcək.