“Ramil Şeydayevdən başqa seçimimiz yox idi” – “Dinamo”nun sabiq məşqçisi

Rusiyanın “Dinamo” klubunun keçmiş köməkçi-məşqçisi Yuri Nikoforov Ramil Şeydayev haqda danışıb.

Komanda.az xəbər verir ki, Rusiya mətbuatına müsahibə verən Nikoforov, o dövrdə Ramil Şeydayevi transfer etmə səbəblərini də açıqlayıb:

“Avstriyaya ilk təlim-məşq toplanışına gedərkən Yevgeni Lutsenkonun müqaviləsi sona çatdı. Onunla müqavilə yeniləmək və şərtləri danışmaq rəhbərliyin işi idi. Bəlkə də, maliyyə məsələlərində razılaşmadılar. Yevgeni Markov da ona güvənmədiyimi bilirdi. Klub hücum xəttini gücləndirmək üçün axtarışlar apardığını gizlətmirdi. Lutsenko da Tula “Arsenal”ına keçdi. Əlimizdə bir tək Markov və Qrulev qaldı.

Mövsümə bir hücumçuyla başlaya bilməzdik. Onun üçün azad agent olan Ramil Şeydayevi aldılar. O zaman Ramil Şeydayevdən başqa seçimimiz yox idi”.

Nikiforov Şeydayevlə bağlı baş məşqçi Dmitri Xoxlovla mübahisə etdiyini də deyib:

“Ural”la oyunumuzdan əvvəl hücuma Vyaçeslav Qrulevi buraxmağı təklif etdim. Lakin Dmitri Valeryeviç “Mən hesab edirəm ki, Şeydayev oynamalıdır” cavabını verdi. Uzun müddət müzakirələr etdik, hərə öz əsaslandırmasını etdi. Onu inandıra bilmədim. Belə məsələlərdə son söz hər zaman baş məşqçinin olur. Növbəti gün Xoxlova dedim: “Sən haqlısan”. “Dinamo” 2:0 hesabı ilə qalib gəldi. Şeydayev isə böyük “qara iş” gördü və ikinci qolu yaratdı. Topu cərimə meydançasınadək daşıdı və məhsuldar ötürmə verdi”.

2019-cu ilin iyulunda “Dinamo”ya keçən Ramil bir müddət əvvəl Moskva klubu ilə yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button