Rusdilli həmdullalar

Rəşad Ergün

Koronavirusun məmləkətin əlini-ayağını evə yığdığı dövrdə gözlərimi döyə-döyə, ağzım açıq vəziyyətdə, mat-məəttəl izlədiyim xeyli əhvalat oldu. Bu dövrdə bir şeyə əmin oldum ki, bizim sözün bütün mənalarında pultla işləyən telekanallarımıza dəvət olunan, canlı yayımda göstərilən mətbuat konfranslarında iştirak edən rəsmi şəxslərin xeyli hissəsi ana dilində danışmağı bacarmır.

Elə bilirdim ki, AFFA-da özünə iki vəzifə verən, sağ əlində baş katib, sol əlində icraçı vitse-prezident postunu tutan Elxan Məmmədov kimilərin – ana dilinin anasını ağlar qoyanların sayı elə çox olmaz. Sovet dövründə ermənilər Bakını necə “işğal etmişdisə”, onlar kimi işğal ediblərmiş bütün mühüm postları bu rusdillilər.

Elxan Məmmədov 2007-ci ildən AFFA-nı, dolayısı ilə ölkə futbolunu idarə edir. 2007-ci ildən üzü bəri Azərbaycanın ana dilində danışan, oxuyan, yazan idman mətbuatı bu ikiqat vəzifə sahibi ilə dil tapa bilmir. Biz yazırıq ki, idman mətbuatını parçalamaq olmaz, Elxan Məmmədov çıxıb mətbuat sözçüsünün dili və dodaqları vasitəsilə bəyanat verir ki, “əcəb edirik, əlimizdən gəlir, bundan sonra da milli komandanın səfər oyunlarına ancaq bir qrup jurnalist, biz seçdiklərimiz gedəcək”.

Biz yazırıq ki, Premyer Liqada 8 yox, azı 10 klub olmalıdır, birinci diviziondan elitaya komandalar gəlməlidir, hər yeni mövsümün əvvəlində görürük ki, köhnə hamam, köhnə tasdır.

Nə qədər yazmaq olar ki, milli komandaya baş məşqçiləri seçərkən azərbaycanlı futbolçuların xüsusiyyətləri, keyfiyyətləri nəzərə alınmalıdır? Elə bilirsiz biz “xarici məşqçilərə bir ətək pul verib milli komandaya gətirməyin, onsuz da heç bir nəticə olmayacaq” yazmaqdan yorulmuruq? Yoruluruq. Amma Elxan Məmmədov “priznavat” eləmir. Ana dilinə qarşı cihad elan eləmiş bu ikiqat vəzifə sahibi rus dilində danışdığı kimi, ruslardakı düşüncəyə sahib olsaydı, dərd yarı idi. Adam rusca bülbül kimi ötür, ana dilində kəkələyir, di gəl, xarakteri, düşüncəsi, əməlləri, addımları Həmdullayla, Qasımla, Məmmədlə eynidir. İvana, Aleksandra oxşasaydı, bu qədər ağrıtmazdı. Ruslarda heç olmasa, qayda-qanuna sayğı var. Bu adamın sayğı duyduğu tək şey puldur.

O, həm də çox hiyləgərdir. O qədər hiyləgərdir ki, AFFA prezidenti olduğu uzun zaman ərzində mərhum Fuad Musayev belə, onun etdiklərini edə bilməmişdi. Zatən, etsəydi, dövlətlə düşmən olmaz, Azərbaycan futbolunda özünə qarşı qatı müxalifətçilər ordusunun yaranmasına imkan verməzdi.

O qədər də uzun olmayan zamanda AFFA-ya rəhbərlik etmiş mərhum Ramiz Mirzəyev, federasiyanın baş katibi postunda çalışmış Fuad Əsədov və başqaları, hətta hamı, hər kəs Elxan Məmmədovun hiyləgərliyinə qibtə edə bilər. Adam o qədər hiyləgərdir, zərgər dəqiqliyi ilə elə planlar qurur ki…

Bir neçə il əvvəllə kimi Azərbaycan futbolunda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev kimi az-çox çəkisi olan mütəxəssislər var idi. Hanı onlar? Elxan Məmmədov AFFA-da oyuncaq bir Məşqçilər Komitəsi yaratdı, aparıb hamısını ora bağladı. Susdular, səsləri çıxmadı. İşləri nədən ibarətdir? Heç nədən! Vallah da, billah da, heç nədən. Oturublar Elxan Məmmədovun gözünün önündə, məvaciblərini alırlar, əvəzində… Susurlar.

Son dönəmdə Yunis Hüseynov, Mahir Şükürov kimi futbol adamları bir az səs-küy saldılar, Elxan Məmmədov dərhal onları da susdurdu. Hələ ki, meydanda qalan təkcə Nazim Süleymanovdur, ona da hansısa yolla bir çarə tapacaq Elxan Məmmədov. Görəcəksiz.

Ana dilində kəkələyən bu adamın beyni Azərbaycan futbolunun anasını ağlar qoymaq üçün əla işləyir. Düzü, onun daim gülümsəyən sifətinə və indiyədək etdiklərinə baxanda, qorxu filmlərində əsl kimliyini gizlədən qorxunc obrazları xatırlayıram. Elxan Məmmədov Azərbaycan futbolu üçün real təhlükədir, bir daha təkrar edirəm, real təhlükə!

P.S. Cəlil Məmmədquluzadə ara-sıra “ölüsüylə ərəbcə, dirisiylə rusca danışan xalqım” deyə, xitab edərdi. Karantin dövründə yağlı vəzifələrdə olan rusdillilərin “pult”unu əllərində saxladıqları telekanallardakı çıxışlarına baxanda, başa düşdüm ki, biz elə həmin adamlarıq – Cəlil Məmmədquluzadənin xitab etdiyi ölü xalq.