Rusa qucaq açan, azərbaycanlıya arxa çevirən federasiya

Bu il Azərbaycan ilk dəfə olaraq Yeniyetmələrin Qış Olimpiya Oyunlarında təmsil olunub.

Sözügedən turnirdə Azərbaycan adına yalnız bir idmançı – Yekaterina Ryabova mübarizə aparıb. 16 yaşlı rusiyalı legioner buzüstü fiqurlu konkisürmə yarışında iştirak edib. Ryabova sərbəst yarışda 8-ci yeri tutub. O, yanvarın 11-də qısa proqramda çıxış edib. Ryabova bu dəfə 59,30 xalla 9-cu olub.

Beləliklə, Azərbaycan sayca üçüncü dəfə keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə, həm də rusiyalı legioner tərəfindən təmsil olunub. Belədə ortaya sual çıxır: həqiqətənmi, buzüstü fiqurlu konkisürmə yarışlarında Azərbaycanı təmsil edəcək azərbaycanlı idmançı yoxdur?

Almaniyadakı Nərgizimiz

Azərbaycanlı olan, hazırda Almaniyada yaşayan Nərgiz Süleymanova bu ölkədə fiqurlu konkisürmə yarışlarında dəfələrlə həm daxili, həm də beynəlxalq yarışlarda nailiyyətlər qazanıb. Almaniya millisinin üzvü olan 15 yaşlı Nərgiz, fiqurlu konkisürmədə idman ustası adına da layiq görülüb. Nərgizin bu il fiqurlu dünya çempionatında da Almaniyanın adı uğrunda yarışacağı istisna olunmur.

Bəs nə üçün azərbaycanlı Nərgiz Almaniyada uğurlar əldə etməsinə baxmayaraq, Azərbaycanı təmsil etmir?

Nərgizin atası Elmar Süleymanov qızının Azərbaycanı təmsil etməsini, milli komandaya dəvət olunmasını istəyir. Süleymanov hətta qızının doğma vətəni üçün mübarizə aparmasına görə Azərbaycan Qış İdman Növləri Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Zeynalovaya Nərgizin nailiyyətləri haqda və onun öz ölkəsinin yığma komandasına dəvət olunması üçün məktub yazdığını bildirir.

Afaq Zeynalova

Amma Zeynalova Süleymanovun onlara deyil, başqa qurumlara müraicət etdiyini deyir. Buna baxmayaraq, federasiya rəsmisi Süleymanova ilə bağlı məsələni müzakirə edib, qərar verəcəklərini bildirdi:

“Bu məsələ ilə bağlı əvvəldən xəbər tutmuşduq. Ancaq Nərgiz xanımın atası bizimlə əlaqə saxlamayıb. Bizdən başqa, digər qurumlara müraciət edib. Onlar tərəfdən bizə heç bir müraciət olmamışdı. Dəfələrlə demişdim ki, bizə müraciət etsinlər. Bizə də xoş olar ki, həqiqətən, bizi layiqli təmsil edəcək bir idmançımız varsa, onun tərəfindən bizə təklif gəlsin, biz də təsdiqləyək. İlk dəfə deyil ki, bir idmançı Azərbaycan üçün yarışmaq istəsin. Məsələn, Fransadan olan bir uşaq var idi, onun anası bizə müraciət etmişdi. Onları Moskvaya yolladıq, bütün ödənişləri qarşıladıq. Ona baxış keçirildi, ancaq yüksək nəticələr göstərmədiyi üçün bizim tərəfimizdən də maraq olmadı. Lakin Nərgiz Süleymanovanın atası heç vaxt bizimlə əlaqə saxlamayıb.

Nərgiz xanımla bağlı məlumatı yeni almışam. Məlumatı rəhbərliklə bölüşüb, müzakirə edəndən sonra qərar verəcəyik”.

Nərgiz üçün AGİN-ə də müraciət olunub

Nərgiz Süleymanovanın məsələsi ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə da əlaqə saxladıq. Məmmədova bu məsələnin onlara aidiyyatı olmadığını söylədi. O, nazirliyin milli komandaya idmançı dəvət etmək kimi bir səlahiyyətə sahib olmadığını bildirdi:

“Mənə bu məsələ ilə bağlı dəfələrlə müraciət olunub və dəfələrlə bildirmişəm ki, idmançının komandaya cəlb edilməsi Gənclər və İdman Nazirliyinə aid deyil. Nazirliyin səlahiyyətlərinə milli komandaların təlim-məşq toplanışlarına, yarışlara göndərilməsi, dərman preparatlarıyla təmin edilməsi daxildir. İdmançının milli komandaya dəvət olunması birbaşa federasiyanın səlahiyyətinə daxildir. Biz onlara müdaxilə etmirik. Onlar ictimai qurumdur. Baş katibin, prezidentin, vitse-prezidentin seçilməsi onlarlıqdır. Nümayəndələrinin adlarını irəli sürürlər, müzakirə olunur və daha sonra qərar qəbul edilir. Eləcə də, idmançının milli komandaya dəvət edilməsi”.

Səmayə Məmmədova

Fiqurlu konkisürmə nədir?

Fiqurlu konkisürmə – musiqinin müşayətiylə buz üzərində rəqs, amma çətin elementlərlə zəngin bir rəqs nümunəsidir. Fiqurlu konkisürmə idman növüdür, olimpiya idman növlərinə aiddir. İdmançının həm musiqi duyumu çox güclü olmalı, həm də, fiziki hazırlığı yüksək səviyyədə olmalıdır ki, çətin rəqs hərəkətlərini buz üzərində konki ilə nümayiş etdirməyi bacarsın. Azərbaycanda qış idman növləri o qədər də populyar olmadığından, bu idman növünə maraq da çox deyil. Elə bu səbəbdəndir ki, qış idman növlərində Azərbaycanı təmsil edən idmançılar legionerlərdir.

Azərbaycan Qış idman növləri Federasiyasının prezidenti azərbaycanlı iş adamı İsgəndər Xəlilovdur.

İsgəndər Xəlilov

Komanda.az-ın qeydi: Ümumiyyətlə, Azərbaycan Qış İdman Növləri Federasiyasının fəaliyyəti bərbaddır. Hətta demək olar ki, bu federasiyanın sadəcə adı var. Başa düşmək olar, qış idman növləri Azərbaycanda populyar deyil, bu idman növləri ilə məşğul olmağa lazım olan şərait də yoxdur. Amma Almaniyada yaşayan bir idmançı öz vətəni üçün mübarizə aparmaq istəyirsə, ona niyə kömək etməyəsən? Niyə gedib bizə heç bir bağlılığı olmayan rusu əzizləyəsən, ona Azərbaycan millisinin qapısını taybatay açasan, ancaq bunu özündən olan üçün etməyəsən? Ona görə ki, federasiyanın prezidenti İsgəndər Xəlilov Azərbaycandan çox, Rusiyada yaşayır? Nərgiz Süleymanova Almaniya millisini seçsə, bir gün bu ölkəyə böyük yarışlarda medallar qazandırsa, buna görə hansı səlahiyyətli şəxs, hansı azərbaycanlı cavab verəcək?

Nərgiz Süleymanova Almaniya mətbuatında