Rövnəq Abdullayev 13 ildən sonra başa düşüb ki…

Natiq Muxtarlı

Tovuzda futbol akademiyasının açılışı olub. AFFA prezidenti Rövnəq Abdullayev koronavirusdan qorxmayaraq Tovuza gedib, qırmızı lenti kəsib. Neçə vaxt idi koronavirusun qorxusundan villasından çölə çıxmayan Elxan Məmmədov da yanında olub.

Bilirəm “akademiya”  bir az zırıltı sözdür, Tovuzda tikilənlə bağlı. Ona görə də, biz ona “məktəb” deyək. Məktəb yaxşıdır, xərclənən vəsaitə də uyğundur. Əslində, ayrılan vəsaitin hamısı – 4,3 milyon manat tikintiyə sərf olunsaydı, zırpı akademiya tikmək olardı Tovuzda. Camaat da əmindir ki, vəsait mənimsənilib. Mən imanımı yandıra bilmərəm, deyirlər ki, o məktəbin tikintisinə 2 milyon manat ancaq xərclənər. Yəni 2,3 milyon “yuyulub” qəşəngcənə. Camaatımız da buna görə narazılıq edir. Camaatımızı qınamaq olmaz, iki milyon onlar üçün böyük, çox böyük məbləğdir. Amma Rövnəq müəllim üçün heç bir saatın da qiyməti deyil.

Camaatımız narazılıq etməyində olsun, mən də sevinməyimdə. Nəyə sevinirəm? Əlbəttə, Tovuzda futbol məktəbinin açılmasına. Nöşün ki, AFFA bu futbol məktəbini Tovuzda yox, məsələn, Vyanada da aça bilərdi. Necə ki, Berlində açmışdı. Burdan Almaniyaya elə 4,5 milyon avroya yaxın vəsait də göndəriblər Azərbaycan üçün futbolçu yetişdirilməsi naminə. Hanı o futbol məktəbi, hanı o vəsait, hanı o yetişdirilən futbolçular? Yoxdur, hamısı gorbagor olub.

Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edir. Düz 13 ildir. Nəhayət, 13 ildən sonra başa düşüb ki, Azərbaycana futbolçu yetişdirmək üçün məktəbi Berlində, Vyanada yox, Tovuzda tikmək lazımdır. Axı buna necə sevinməyə bilərik? Vallah, billah, bunu başa düşüblərsə, böyük uğurdur. Onsuz da AFFA-nın büdcəsini dağıdırdılar, heç kim də heç nə demirdi onlara. İndi heç olmasa, üç meydança salıblar, bir hamam, bir tualet tikiblər 4,3 milyona. Özü də vəsaiti UEFA və FİFA-dan alıblar.

Rövnəq müəllim, haqqın yolunu tapmısız, heç kimə fikir verməyin, davam edin. O “akademiya”dan Masallıda, Qusarda, Zaqatalada, Şirvanda, Mingəçevirdə də tikin. Hər birində də “yuyulmus” 2,3-2,5 milyon manat halal xoşunuz olsun. Camaatımıza da tövsiyə edirəm ki, naşükür olmasınlar. Yoxsa Rövnəq müəllim hirslənər, futbol akademiyasını yenə də Avropada tikdirər. Şükür edin bala, bu günümüzə də şükür edin.